CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhmədiyyə Cəbrayılovun dostu: "Dil bilmədiyinə görə xeyli sayda azərbaycanlı öldü"

© Sputnik / Shahperi Abbasovaİkinci dünya müharibəsi iştirakçısı Mahmud Motuxov
İkinci dünya müharibəsi iştirakçısı Mahmud Motuxov - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Motuxov: "1943-cü ilə qədər mənə bir tüfəng vermişdilər, heç çaxmağı da yox idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Heç kəsə sirr deyil ki, II Dünya Müharibəsində SSRİ-nin qalib gəlməsində Azərbaycan neftinin və azərbaycanlıların rolu böyük olub. Bu gün Azərbaycanda yüzlərlə II Dünya Müharibəsi veteranı var ki, müharibə və orada baş verən hadisələri onların dilindən eşitmək daha maraqlıdır.

Getdikcə sıraları azalan veteranlardan biri də 94 yaşlı Mahmud Motuxovdur. Mahmud baba Balakən rayonunun Gərəkli kəndində yaşayır. Yarım əsrdən çox vaxt keçsə də, yaşlı veteran həmin günləri bugünkü kimi xatırlayır.

Müharibənin canlı şahidi olan Mahmud baba xatirələrini Sputnik Azərbaycan-la bölüşüb: "1941-ci ildə müharibəyə getmişəm. 17 yaşım var idi. Əvvəlcə bizi apardılar Duşeti şəhərinə. Orada 1 il təlim keçdikdən sonra döyüş bölgəsinə göndərdilər".

Müsahibimiz deyir, almanların ordusunun texniki təchizatı sovet ordusundan qat-qat yüksək idi: "Bizim nə silahımız var idi, nə də normal ərzağımız. Onlar isə çox güclü silah və ərzaqla təmin olunmuşdular. Yüksək səviyyəli silahdan əlavə, onlar piyada deyildilər. 1943-cü ilə qədər mənə bir tüfəng vermişdilər, heç çaxmağı da yox idi. 2-ci cəbhə açılanda gün üzü gördük. Bizə normal yemək və silah verdilər".

© Sputnik / Shahperi Abbasovaİkinci dünya müharibəsi iştirakçısı Mahmud Motuxov
İkinci dünya müharibəsi iştirakçısı Mahmud Motuxov - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi iştirakçısı Mahmud Motuxov

Mahmud baba Kursk, Krım, Dnepr çayının sahillərində gedən döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, baxmayaraq ki, SSRİ silah və ərzaq baxımından düşmənindən zəif idi, amma onlar həmişə qalib gələcəyinə inanırdılar. Bəlkə də onları qələbəyə aparan da elə o güclü inam olub.

"Bizim qüvvəmiz onlardan zəif olsa da, şəxsən mən qalib gələcəyimizə inanırdım. Mənim 2 qardaşım müharibədə itkin düşmüşdü. Bizə hər səhər 100 qram spirt verirdilər ki, həm soyuq olmasın, həm də döyüş əzmimiz yüksək olsun. Ancaq biz müsəlmanlar içmirdik, verirdik ruslara. Bizdə onsuz da qorxu yox idi", — deyir müsahibimiz.

Mahmud Motuxov danışır ki, müharibədə azərbaycanlıların ən böyük problemi dil bilməmək olub: "Dil bilmədiklərinə görə nə qədər əsgərimizi itirdik. Mircəfər Bağırovla Stalinin münasibətləri yaxşı idi. O, Stalindən azəbaycanlılardan ibarət diviziyaların yaradılmasını xahiş etməsəydi, bütün əsgərlər qırılardı".

111-ci diviziyada döyüşən Mahmud baba 1944-cü ildə Dnepr çayı sahilində başlayan döyüşlərdə yaralanıb: "Dnepr çayı yaxınlığındakı döyüşdə hər iki tərəf çoxlu sayda itki verdi. Mən də ayağımdan yaralandım. Yanımda həmkəndlim var idi. Döyüş yoldaşıma yaralandığımı dedim. Ağır döyüşlər gedirdi. Məni 50 metr arxaya gətirdilər, 3 gün orada qaldım. Sonra həmin yeri də atəşə tutdular. Qaça bilən qaçdı, mən qaldım".

Dediyinə görə, sonradan Dnepr çayının üzərində asma körpü düzəldiblər və onun vasitəsi ilə Mahmud babanı çayın o biri sahilinə keçiriblər: "Dnepri keçəndən sonra məni apardılar Çerniqovskiyə. Həmin kazarmanı da faşistlər bombaladı. Sonra məni Tulaya apardılar, düz 11 sutka yol getdik. 6 ay orada yatdım. 4 aydan çox müddətdə mənim nə paltarım, nə də çəkməm əynimdən çıxmışdı. Daha sonra Sterlitamaka gətirdilər, 3 ay da orada yatdım".

II Dünya müharibəsi veteranı Əmrah Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteran: Məni toplu məzara atmışdılar, iniltimi eşidib, çıxardılar

İnsan dara düşəndə hər an möcüzə gözləyir. Bəzən yalana da inanmaq istəyir. Elə Mahmud baba kimi. Mahmud babanın da ən böyük arzusu müharibədən sonra anasını, atasını sağ-salamat görmək olub. Bu arzusuna o, 1944-cü ilin noyabrında — ordudan tərxis olunanda çatıb.

100 yaşını tamamlamağa 6-ca ili qalmış müharibə veteranı indiyədək 4 dəfə evlənib. Ancaq dediyinə görə, həyatının ən xoşbəxt illəri 3-cü xanımı ilə keçib.

Ömrünü dağlarda, at belində keçirən veteranımız onlara qonaq gələn hər kəsə müharibə xatirələrindən sevə-sevə danışır. Çünki müharibə illərini ömrünün ən şərəfli illəri hesab edir: "Mən həmişə deyirəm, müharibədən qorxmaq lazım deyil. Döyüşdən qaçmaq istəyən yoldaşlarıma da deyirdim ki, bu, bir imtahandır. Allaha şükür ki, mən bu imtahandan uğurla keçdim".

M.Motuxov məşhur Əhmədiyyə Cəbrayılovla da dost olduqlarını diqqətə çatdırır.

Mahmud babanın oğlu Şamil Motuxov danışırr ki, Azərbaycan müstəqillik qazanandan sonra, necə olubsa, atasının sənədləri it-bata düşüb. Mahmud babaya artıq veteran sayılmadığını bildiriblər: "Həmin vaxt Sankt-Peterburqda yaşayırdım. Atam mənə zəng elədi ki, mənim sənədlərimi tap. Mən atamın yaddaşı sayəsində o sənədləri tapdım. Getdiyi hər şəhəri, hər bölgəni dəqiqliyi ilə dediyinə görə mən çətinlik çəkmədim. Sankt-Peterburqda arxiv idarəsi var, həmin yerə müraciət etdim və atamın sənədlərini gətirdim".

Mahmud baba Sovet ordusu faşizm üzərində qələbə çaldığı 1945-ci ili, 416-cı diviziyada vuruşan həmyerlimiz Yusif Sadiqovun qələbə bayrağını sancdığı tarixi belə xatırlayır: "Meşədə idim, əmim oğlu gəlib dedi ki, qalib gəlmişik. Sevincimin həddi-hüdudu yox idi. Səbirsizliklə gözlədiyim gün idi. Kənddə toy-bayram idi. Hamı kəndin meydanına toplaşdı. Kimisi öküz kəsdi, kimisi qoç. Neçə gün bayram keçirdik".

Yaşlı veteran dövlətin ona göstərdiyi diqqətdən məmnunluğunu dilə gətirdi: "Bir veteran olaraq həm Sovet dövründə, həm də müstəqillik illərində daim diqqəti hiss etmişəm. Təkcə burada yox, həm də Rusiyada həmişə mənə "yaşıl işıq" olub".

Mahmud baba sonda, "Biz nə vaxtsa Qarabağı qaytara biləcəyikmi?" sualımıza da cavab verir: "Ermənistanın arxasında güclü dövlətlər dayanır. Onlar əlini götürsə, biz 2 günün içində o torpaqları ala bilərik. Azərbaycanlılar dəyənəklə onları qova bilərlər. Çünki onlar qorxaq millətdir. Hamıya məlumdur ki, onlar tək olsa, o torpaqlarda bir gün də qala bilməzlər".

Xəbər lenti
0