BAKI, 6 may — Sputnik. ABŞ prezidenti Donald Tramp yenidən hamını bir-birinə vurub. Onun bəyanatı Fransa Xarici İşlər Nazirliyinin sərt təpkisi ilə qarşılanıb.
Sputnik Azərbaycan xarici mətbuata xəbər verir ki, Tramp 2015-ci ildə Parisdə baş verən terror aktları barədə danışaraq, Fransa hökumətini tənqid edib. O, bildirib ki, ölkədə silah gəzdirmək barədə qanun qüvvədə olsaydı, Parisdəki restoranın mühafizəçiləri terrorçuları zərəsizləşdirə bilərdilər və terror qurbanlarının sayı az ola bilərdi.
Fransa Xarici İşlər Nazirliyi sərt şəkildə Trampın bəyanatını tənqid edib: "Fransa prezident Donald Trampın bəyanatını pisləyir və terror qurbanlarının xatirəsinə hörmət etməyi tələb edir".
2015-ci il noyabrın 13-də Fransada bir neçə terror aktı törədilib. 3 terrorçu kamikadze Fransa-Almaniya oyunun keçirildiyi stadionun yanında özlərini parladıblar. Ən azı 3 nəfərin olduğu digər qrup Parisin şərqində kafe və restoranlara hücum edib. Daha 3 nəfər isə "Bataklan" konsert salonunda insanları girov götürüb.
Hücumlar nəticəsində 130 nəfər ölüb, 350-dən çox insan yaralanıb.