BAKI, 4 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik millət vəkillərinin maaşlarının artırılmasını nəzərdə tutur. Qanun layihəsi prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub.
Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bu gün keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" və "Məhkəmələr və hakimlər haqqında" qanunlarda da dəyişikliklərə baxılıb. Bu dəyişikliklər maaş artımları ilə bağlıdır.
"Konstitusiya Məhkəməsi haqqında" qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə görə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat olacaq. Hazırda bu, 2120 manatdır. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni, 2101 manata qaldırılacaq. Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni, 1985 manat olacaq.
"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə görə isə, Ali Məhkəmənin sədri 2280 manat maaş alacaq. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək. Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1824 manat əmək haqqı veriləcək.
Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni, 1596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni, 1436 manat maaş alacaq.
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.
Dəyişikliklər 2018-ci il mayın 1-dən tətbiq edilir. Qanun layihələri səsə qoyularaq qəbul edilib.
Milli Məclisin bu günkü plenar iclasında, həmçinin "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişikliyə baxılıb. Bu dəyişiklik Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlıdır.
Həmin qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinə edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyədək isə bu, 2025 manat olub.
Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni, 1784 manat pensiya alacaq.
Dəyişiklik mayın 1-dən tətbiq edilir. Layihə səsə qoyularaq qəbul edilib.