BAKI, 3 may — Sputnik. Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin maaşı artırılır.
“Report”un xəbərinə görə, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilir.
Qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.
Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.
Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.
Dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) maaşı da artırılır.
Bununla bağlı isə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunda dəyişiklik edilir.
Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.
Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı — 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.
Dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanda məhkəmə hakimlərinin də maaşı artılır.
Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilir.
Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş alacaq.
Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı alacaq.
Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.
Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Xatırladaq ki, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Milli Məclis (MM) deputatları maaşları artırılanların sırasında özlərini də unutmayıblar.
Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.
Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.