BAKI, 26 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "qəribə ssenari" dediyi məsələ bəlli olub — Türkiyə Konstitusiyasının 101-ci maddəsi. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə Konstitusiyasının 101-ci maddəsinə görə, seçkinin ikinci turuna qalan müxalif namizəd seçkidən geri çəkilib, başqa bir namizədin önünü aça bilər. Nəticədə, digər bütün partiyalar da həmin namizədi dəstəkləyərək, iqtidarın namizədinə qarşı ciddi təhlükə yarada bilər.
Xatırladaq ki, bu günlərdə partiyasının iclasında Rəcəb Tayyib Ərdoğan ortada qəribə bir ssenarinin olduğunu bildirmişdi. O demişdi ki, həftə sonuna qədər bu ssenarinin necə oynanılacağı bəlli olacaq.
Məlumat üçün qeyd edək ki, son referendumla Konstitusiyanın 101-ci maddəsinə əhəmiyyyətli dəyişiklik edilib. Ərdoğanı narahat edən "qəribə ssenari" də bununla bağlıdır. Maddədə qeyd olunur ki, ikinci turda iştirak etməyə haqq qazanan namizədlərdən biri öz namizədliyini özündən az səs toplayan başqa bir namizədin xeyrinə geri çəkə bilər.
İddiaya görə, Ərdoğanla birlikdə CHP-nin və ya İYİ partiyanın namizədi ikinci tura qala bilsə, ikisindən biri digəri üçün öz namizədliyindən imtina edərək, öz seçicilərini həmin namizədə səs verməyə səsləyə bilər. Və bütün digər müxalifət partiyaları həmin namizədi dəstəkləyə bilər.