Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

AKP-MHP, yoxsa CHP-İYİ: Hansı daha "iyi"?

© REUTERS / Kayhan Ozer/Presidential Palace/HandoutCHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul İsmayıl: "İndiki şəraitdə AKP-MHP seçki ittifaqının qalib gəlmək şansı bir az daha yüksəkdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Seçkilər 2018-ci ilin iyunun 24-nə təyin olunub. Seçkilərdə hakim AK Partiya ilə MHP-nin prezidentliyə namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır.

Müxalif İYİ Partiyasının namizədi də müəyyənləşib — partiya sədri Meral Akşenerdir. Onun namizədliyini ana müxalifət CHP də dəstəkləyir.

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, politoloq Toğrul İsmayıl Sputnik Azərbaycan-a açıqlamasında Türkiyədə keçiriləcək erkən seçkiləri şərh edib. O bildirib ki, Türkiyədə keçiriləcək növbədənkənar seçkilər qərarı hələ Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunmalıdır.

© Sputnik / Murad OrujovToğrul İsmayıl
Toğrul İsmayıl - Sputnik Azərbaycan
Toğrul İsmayıl

"Türkiyədə eyni gündə seçicilər həm istədikləri prezidentliyə namizədə, həm də millət vəkillərinə səs verəcəklər. Öncə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) növbədənkənar prezident və parlament seçkilərinin iyunun 24-də keçirilməsinə dair birgə təklifi TBMM qəbul edilməlidir. Və düşünürəm ki, qəbul ediləcək. Çünki AKP və MHP-nin parlamentdə kifayət qədər yerləri var və istədikləri qanun layihəsini qanunvericilik orqanından keçirə bilərlər" — T.İsmayıl bildirib.

Azərbaycanlı professor növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifinin MHP sədri Dövlət Baxçalı tərəfindən irəli sürülməsinə də aydınlıq gətirib: "Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən Baxçalı hazırda Türkiyənin xarici qüvvələrinin təhdidi altında olduğunu bildirib. O, növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu söyləyib, ölkə içərisində gözləntilərin başa çatmağını istəyib. Təklif bu nöqteyi-nəzərdən irəli sürülüb".

T.İsmayılın fikrincə, D.Baxçalı növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinin həm MHP, həm də AKP üçün çox doğru olacağını düşünüb: "AKP ilə MHP arasında seçkilərdə əməkdaşlığa dair seçki ittifaqı yaradılmasına dair razılıq ("Cümhur ittifaqı") mövcuddur. Ümumiyyətlə, bu, Dövlət Baxçalının Türkiyənin siyasi tarixində növbədənkənar seçkilər məsələsində ilk təcrübəsi deyil. Bu, artıq üçüncü təcrübədir".

"Amma düzdür, əvvəlki təcrübələrdən MHP çox da uğurlu çıxmamışdı. Birinci təcrübələrində MHP parlamentdən kənarda qalmış, ikincidə isə çox ciddi səs itirmişdi. Ümid edirik ki, MHP bu seçkilərdə daha uğurlu olar" — müsahibimiz vurğulayıb.

Professor Türkiyədə fövqəladə vəziyyət rejimində seçkilərin keçirilməsinə də münasibət bildirib: "Təbii ki, Türkiyədə fövqəladə vəziyyət məsələsi var, amma bunun seçkilərin keçirilməsinə hər hansı bir əngəl törədəcəyini düşünmürəm. Çünki daha əvvəl də seçkilər bu çərçivədə keçirilib. 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunmuş fövqəladə vəziyyət rejimi tənqid olunsa da, AKP və müttəfiqi MHP vəziyyətin hələ yaxşı olmadığını düşünür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb".

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Seçkiqabağı Ərdoğana zərbə, həm də üçüncü ölkədən

T.İsmayıl hesab edir ki, fövqəladə vəziyyət rejimi davam etsə də, seçkilərdə müxalifət və digər qruplara yönələn hər hansı bir məhdudiyyət olmayacaq: "Türkiyədə prezident üsul-idarəsinə keçildiyi üçün artıq partiyalardan daha çox liderlərin məsələsi önə çıxır. Çünki bu ölkə prezident üsul-idarəsinə keçir və burada parlamentin funksiyaları olsa da, artıq əsas olan prezidentdir. İlk dəfə Türkiyə fərqli bir ittifaq sistemi şəklində bu seçkilərə gedəcək. Yəni AKP-MHP seçki ittifaqı yaradılıb və onlar uğur qazanacaqlarını düşünürlər".

"İndiki şəraitdə bu ittifaqın qalib gəlmək şansı daha yüksəkdir. Amma seçkilər çox rəqabətli şəkildə olacaq. AKP-MHP ittifaqının prezidentliyə namizədi bəllidir – indiki prezident Rəcəb Tayyib Ərdoğan. Bəzi mütəxəssislər isə parlament seçkilərində "İYİ" partiyasının bəlli bir səs qazanmaq ehtimalının yüksək olduğunu söyləyirlər", — professor əlavə edib.

T.İsmayılın fikrincə, Qərb Türkiyəyə müəyyən bir təzyiq göstərəcək: "Amma burada anti-demokratik hər hansı bir şey yoxdur, hər şey qanuna uyğun şəkildə davam edir. Yəni Qərbin tənqidinin mahiyyətini anlamaq bəzən çətin olur. İndiyədək qeyri-qanuni bir davranış olmayıb".

Xəbər lenti
0