BAKI, 25 aprel — Sputnik. Daha bir məktəb zorlama hadisəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsinin baş verməsi ilə bağlı məlumat yayılıb. Həmin orta məktəbdə təhsil alan şagirdlərin valideynləri bildiriblər ki, hadisə aprelin 19-da baş verib.
Valideynlərin iddiasına görə, 10-cu sinfin iki şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdə qarşı zorlama tətbiq ediblər. Onlar ayaq yolunda azyaşlının şalvarını çıxararaq zorlayıblar. Faktın üstü isə birinci sinif şagirdinin bu olay barədə öz sinif yoldaşlarına danışarkən açılıb.
Valideynlərin dediyinə görə, həmin azyaşlı Bakıda xalasının himayəsində qalır, valideynləri isə rayonda yaşayır. Valideynlər onu da iddia ediblər ki, hadisədən məktəb direktoru Nürqələm Bayramovanın da xəbəri var. Və direktor bu rəzalətin üstünün açılmaması üçün zorlanan azyaşlının xalasına 2000 manat verərək, hadisə barədə susmağı tapşırıb.
Narazı valideynlər vurğulayıblar ki, azyaşlını zorlayan şagirdin valideynləri direktora rüşvət veriblər deyə direktor onu məktəbdən uzaqlaşdırmayıb. Əvəzində isə, başqa bir günahsız şagird şərlənərək məktəbdən çıxarılıb.
Big.az-ın məlumatına görə, valideynlər direktora etdikləri şikayətlərin nəticəsiz qaldığı üçün bu gün 263 saylı orta məktəbin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları zorlama əməlini törədən şagirdin dərhal məktəbdən uzaqlaşdırılmasını və qanunla cəzalandırılmasını tələb ediblər. Direktor isə şikayətçi valideynlərlə görüşməkdən imtina edib. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və aksiyaya müdaxilə olunub.
Valideynlər isə polisə direktorun onları dinləməyəcəyi təqdirdə aksiyanı dayandırmayacaqlarını bildiriblər. Hazırda polisin məktəb direktoru ilə danışıqlar apardığı qeyd olunur.
Sputnik Azərbaycan hadisə barədə dəqiq məlumat almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir: "Sözügedən məktəbdə hər hansı zorlama hadisə baş verməyib".
263 nömrəli orta məktəbin direktoru Nürqələm Bayramova da Sputnik Azərbaycan-a açıqlamasında iddiaları təkzib edib: "Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaq da məktəbdən uzaqlaşdırılıb".
"Məktəbə uşaq gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib, maraqlanıblar. Biz də onlara məlumatın doğru olmadığını bildirmişik" — direktor vurğulayıb.