BAKI, 21 aprel — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü dünya mətbuatının diqqət mərkəzində oldu.
Görüş barədə yayılan məlumatda bildirilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib: "Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər" — deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.
Qeyd edək ki, NATO ilə Rusiya arasında ciddi ziddiyyətlərin olduğu bir zamanda belə bir görüşün növbəti dəfə Bakıda keçirilməsi maraq doğurur.
Əslində, tərəflər arasında ciddi əngəllər kifayət qədərdir. Belə ki, NATO-nun Şərqi Avropada qoşunları mövcuddur. Bununla kifayətlənməyən Alyans Cənubi Qafqazda — Gürcüstanda hərbi təlimlər keçirir. Rusiyanın cənub qapısı hesab etdiyi Cənubi Qafqazın vacib ölkəsi olan Gürcüstan NATO üçün açıqdır. Digər tərəfdən, bölgədə etnik münaqişələr mövcuddur. NATO və Rusiya hərbi gərginlikdən narahatdır və məsələləri müzakirə etmək qərarına gəlib. ABŞ Rusiya ilə sərhəd olan ölkələrdə öz gücünü nümayiş etdirir. Moskva isə Cənubi Qafqaza qədər ordu yeridən ABŞ-la heç olmasa aralıq müddətə bölgədə barışa nail olmaq istəyir. Bu baxımdan, görüş üçün Bakının seçilməsi də sıradan bir məsələ deyil. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan neytral siyasət yürüdür və hər iki tərəf üçün ölkəmiz cəlbedici tərəfdaşa çevrilir.
Lakin burada bir məqama da diqqət yetirmək lazım gəlir. Uzun müddətdir ki, tərəflər arasında Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi təklifi müzakirə edilir. Qərb analitikləri hesab edirlər ki, əgər bölgəyə Rusiyanın hərbi birləşmələri gələcəksə, o zaman NATO silahlılarının aralıq müddətə Qarabağa gəlməsi daha optimaldır. Tərəflər say və tərkib barədə razılığa gələ bilmirlər.
Vaşinqtonda hesab edirlər ki, Rusiyanın bir məqsədi var – sülhməramlılarının Qarabağda olmasına nail olmaq. Cənubi Qafqazı NATO təsirinə salmaq Vaşinqton strateqlərinin başlıca məqsədlərindəndir. Məhz buna görə, ABŞ Gürcüstanda öz bazalarını yerləşdirməyə çalışır. Tərəflərin öz maraqları var. Bu maraqlar bütün vasitələrlə Birləşmiş Ştatları və Rusiyanı Cənubi Qafqazda qalmağa diktə edir. Çünki bu region Yaxın Şərqə çıxışdır, bura Şimali Qafqazın astanasıdır. Şimali Qafqaz isə Rusiya üçün ən həssas bölgələrdən biridir.
NATO indi Şərqə doğru genişlənir və alyansda belə fikirləşirlər ki, gec-tez Cənubi Qafqaz ölkələri də onun üzvü olacaq.
Xatırladaq ki, Azərbaycan rəsmiləri dəfələrlə ölkənin NATO-ya daxil olmağa tələsmədiyini bildiriblər. Bu məsələdə tələsən ölkələr ciddi problemlərlə üzləşirlər. Məsələn, Ukraynanın öz ərazisini NATO bazalarına çevirməsinə etiraz edən Rusiya Kiyevlə ciddi problemlər yaşadı. Rusiya NATO-dan gələcək təhlükədən özünü müdafiə məqsədilə qonşularına xəbərdarlıq edir. Buna baxmayaraq, NATO ötən illər ərzində əhatə dairəsini daha da genişləndirib. Alyans 3 Baltikyanı dövləti üzvlüyə qəbul etdi. Sonra isə Moldova, Gürcüstan və Ukraynanın da özünə qoşulması üçün bəyanatlar səsləndirdi, bu istiqamətdə çalışmalara başladı. Bu isə həmin ölkələrin öz ərazilərini NATO, başqa sözlə, amerikan bazalarına verəcəyi mənası kimi başa düşülməlidir. Demək ki, NATO addım-addım Rusiyaya yaxınlaşır. Rusiya da bunun qarşısını almaq üçün cavab tədbirlərini görür. NATO Rusiya üçün təhlükə olaraq qalır. Baş verənlər fonunda Bakının istər NATO, istərsə də Rusiya üçün neytral ölkəyə çevrilməsi təhlükəsizlik baxımdan olduqca önəmlidir. Bakı böyük oyunçuların oyununda qurbana çevrilmək istəmir…