İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, Milli Onkologiya Mərkəzinin yanı ət bazarına çevrilib. Bəli, düz anladınız, ət bazarına. Burada küçə boyu müxtəlif ət mağazaları fəaliyyət göstərir. Günün istənilən saatında mağazalarda iri və xırdabuynuzlu heyvanlar kəsilərək satılır. Satışa çıxarılan ət isə birbaşa yolun kənarından asılır.
Ərazidə ət mağazaları ilə yanaşı müxtəlif kafelər, restoranlar, kababxanalar da fəaliyyət göstərir. Maraqlıdır ki, həmin qəssabxanaların fəaliyyətindən narazı qalanlar olsa da, bu satışı dəstəkləyənlər də az deyil.
Ərazi sakini Elnur Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən ərazidə ət satışı uzun illərdir davam edir. Bir neçə dəfə müxtəlif qurumların nümayəndələri gəlsələr də, sadəcə "baxıb" gediblər.
"Səhərlər buradan üfunət qoxusundan keçmək olmur. Bu, bir kənara, hətta səhər küçədən keçəndə buralarda qan gölünə də rast gələ bilərsiniz. Heyvanların təzəyi, qan, ot-alaq, üfunəti demirəm hələ. Bir sözlə, izah etmək mümkün deyil", — deyə əlavə edir E.Abdullayev.
Digər bir sakin Salamov Etibar isə deyir ki, ərazi sakinləri əti buradakı mağazalardan alır. Çünki burada kəsilən heyvanların sağlamlığına əmindirlər: "Bu satıcıları illərdir tanıyırıq. Həm də aralarında yaxından tanıdıqlarımız da var. Onlar bizə heç vaxt xəstə və ya ölmüş heyvanın ətini satmazlar. Hara gedib, təmiz ətə ala bilərsən ki? Hansı bazara gedirsən, görürsən ki, bütün ətlərdə möhür var. Bu möhürlər nə zaman vurulur, bilmirik. Yox, ən yaxşısı elə buradır. Gözümüzün qarşısında kəsirlər. İsti-isti alırıq, aparıb könül rahatlığı ilə yeyirik".
Səhərlər ərazidə hökm sürən xoşagəlməz vəziyyətdən sual verəndə isə, Salamov bildirir ki, bu, onları qətiyyən narahat etmir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə neçə ildir paytaxtın qəssabxanaya çevrilməsinin səbəbini onunla əlaqələndirir ki, istehlakçılar ancaq gözləri ilə gördüyü, təmizliyinə əmin olduğu məhsulu almaq istəyirlər. "İstehlakçı əmin olmaq istəyir ki, aldığı at-eşşək əti deyil, təmiz mal ətidir" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirir.
E.Hüseynov əlavə edir ki, istehlakçılar baytarlara və bazarlara nəzarət edən qurumlara inanmadıqları üçün digər mağazalarda satılan ətlərə üstünlük vermirlər: "İstehlakçı səhər bazara gedəndə görür ki, yüzlərlə cəmdəyin üzərində baytar möhürü var. Guya baytarlar yatmayıblar, səhərə qədər ekspertiza aparıblar. Bunu camaat görür. Hətta istehlakçılar arasında belə bir fikir yaranıb ki, "təzə kəsilmiş qoyunu soyanda belə, altdan baytar möhürü çıxır"".
AİB sədri deyir ki, bu problem SSRİ dövründə də mövcud olub və o dövrdə belə bunun qarşısını almaq mümkün olmayıb: "Hazırda Qida Təhlükəsizliyi Agentliyi belə obyektlərin qarşısını almağı qarşıya məqsəd qoyub. Amma bunun qarşısını radikal, inzibati yolla almaq mümkün deyil. Bunun üçün əvvəlcə istehlakçıların inamını qazanmaq lazımdır ki, alıcılar marketlərə üz tutsunlar. Bu zaman problem də öz-özünə həll olunacaq".
E.Hüseynov o da vurğulayır ki, hazırda Bakıda iki böyük kəsimxana var: "Biri "AzProteinFood", o biri isə "Səhliyalı" şirkətindədir. Təxminən 2 milyon dollarlıq avadanlıqları var. Bu müəssisələr istənilən mağazada ət satmaq istəyən şəxslərin iribuynuzlu heyvanını 10 manata kəsib, dəridən çıxarıb, baytar yoxlamasından keçirib, təmiz şəkildə verməyə hazırdır".
"Lakin görək onlara müraciət edən varmı? O qədər bahalı avadanlıqlar alınıb, təəssüflər olsun ki, işləmir. Qida Təhlükəsizliyi Agentliyi də qarşısına məqsəd qoyub ki, Bakı və Bakıətrafı kəndlərdə 11 kəsimxana yaratsın. Heyvanlar mərkəzə daxil olmadan kəsilsin. Guya bunu etməklə ölkədə olan qəssabxanaların qarşısı alınacaq. Bu da səhv fikirdir", — Hüseynov deyir.
Ekspert onu da əlavə edir ki, şəhərdəki qəssabxanaların qarşısını polislə almağa çalışsalar da, buna nail olmaq mümkün olmayıb, olmayacaq da: "Bu problem o zaman həll oluna bilər ki, əhalidə baytarlara qarşı inam yaransın".
Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin də münasibətini öyrəndik. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna belə cavab verildi: "Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə rayonlarda və Bakı şəhərinin müxtəlif küçə və meydanlarında, yol kənarları və məhəllədaxili yerlərdə iri və xırdabuynuzlu heyvanların kəsiminə qadağaların tətbiqinə dair Azərbaycan hökumətinə təqdim edilməsi üçün təkliflər paketi hazırlayıb".
Təkliflərdə standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri Respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla (torpaq sahələrinin icra hakimiyyəti ilə razılaşması əsasında) sahibkarlar tərəfindən tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur.
Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları və qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır. İri və xırda buynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək.
Yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi hazırda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsi, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir. İşlər tamamlandıqdan sonra ölkəyə idxal olunan bütün qida məhsullarına, o cümlədən, ət və ət məhsullarına nəzarəti də həyata keçirəcək".