BAKI, 12 aprel — Sputnik. Ötən əsrin əvvəllərindən etibarən getdikcə zənginləşən musiqimiz kifayət qədər uğurlara imza ata bilib. Bəzən azərbaycanlıların Azərbaycan musiqisinə dırnaqarası yanaşdığını, bu musiqini əhəmiyyətsiz saydıqlarını müşahidə edirəm. Əlbəttə, musiqi zövq məsələsidir.
Amerika musiqisinin pərəstişkarı olan birini "niyə Azərbaycan mahnısına qulaq asmırsan?" sualı ilə mühakimə etmək böyük sarsaqlıq olar. Bu yerdə dönə-dönə vurğulayım ki, mən fərdlərin musiqi zövqündən deyil, həm kütlənin, həm də elə sənət adamlarının Azərbaycan musiqisinə olan münasibətindən söz açıram.
Məsələn, bir azərbaycanlı rejissor film çəkir, bu filmin musiqilərinin əksəriyyəti Rusiya, Avropa, Amerika bəstəkarlarının əsərlərindən ibarət olur. Lakin Amerika Kino Akademiyası tərəfindən namizədliyi irəli sürülüb "Ən yaxşı film" mükafatı alan "Promises" filminin musiqisi bizim Eldar Mansurovun "Bayatılar" adlı bəstəsidir.
"Bayatılar"dan söhbət düşmüşkən, məlumunuzdur ki, bu mahnının ən az Azərbaycan qədər şöhrəti var. Əksər məqamlarda mahnının müəlliflik hüquqları tapdansa da, Eldar Mansurovun son dövrlərdəki bir müsahibəsində hüquqların bərpa olunduğu deyilir.
Lakin Azərbaycan musiqisi dünya miqyasında şöhrət yoluna ilk dəfə "Cücələrim" mahnısı ilə qədəm qoyub. Bəstəkar Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi sadə notlardan ibarət bu mahnı qısa müddətdə az qala bütün musiqiçilər üçün əlifbaya çevrilib. Hətta, çoxunuz bilmiş olarsınız ki, Çarli Çaplin də Parisdə azərbaycanlı qonaqları "Cücələrim" mahnısını pianoda ifa edərək qarşılayır və belə deyir: "Deməli, siz bu məşhur melodiyanın vətənindənsiz! Məndən o bəxtəvər bəstəkara salam deyərsiz!"
Siyahı çox uzundur. Musiqisi Şəfiqə Axundovanın, sözləri Bəxtiyar Vahabzadənin olan "Nədən oldu" mahnısı; Rauf Məmmədovun Zivər Ağayevanın sözlərinə bəstələdiyi "Yaşa, mənim xalqım" mahnısı; musiqisi Bəhram Nəsibova, sözləri Miryusif Manafova (sözlərlə bağlı müxtəlif müəlliflik iddiaları mövcuddur) məxsus "Qal, sənə qurban" mahnısı; musiqisi Şəfiqə Axundovanın, sözləri Mirzağa Atəşin olan "Sənin nəğmən" mahnısı; musiqisi Cahanagir Cahangirova, sözləri Zeynəl Cabbarzadəyə aid "Ay qız" mahnısı və s.
Bu siyahını çox uzatmaq olar. Şrift məhdudiyyəti olduğu üçün yadıma düşənləri yazdım. Xatirəmi və arxivi araşdırsam, kifayət qədər böyük mahnılar toplusu yaranar, hansı ki, hamısının şöhrəti sərhədlərimizi aşıb. Hələ bura Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletini və başqa bu kimi nümunələri də əlavə edə bilərik.
Bu siyahıya baxanda incə bir məqam nəzərə çarpır. Bu musiqi nümunələrinin hamısı sovet dönəmində ərsəyə gəlib. Lakin təkcə sovet ölkələrində deyil, həm də İran, Türkiyə kimi qonşu ölkələrdə, daha sonra Avropa və Amerika ölkələrində şöhrət qazanıb. Nəzərə alsaq ki, sovet dönəmində yerli sənət mühitinin xariclə əlaqəsi də məhdud idi və sənətkarlarımız xüsusi ilə Türkiyə sənət mühiti ilə əlaqələrdə təzyiqə məruz qalırdı, amma bu mahnılar Türkiyəyə də, başqa ölkələrə də çata bilirdi.
Hələ texnologiyanın bugünkü səviyyədə inkişaf etmədiyi bir dönəmdə, internetin olmadığı vaxtlarda bu mahnılar belə böyük kütləyə nüfuz edə bilib və öz müəlliflərini də tanıdıb. Lakin 2000-ci ildən sonra, ən azından, qonşu ölkələrimizdə şöhrət qazana bilən bir mahnı, bir simfoniya, bir opera, bir balet yoxdur ki, bu siyahıda adını çəkək. Maraqlıdır, bu çöküşün səbəbi nədir?
Azərbaycanda kifayət qədər musiqi məktəbləri var. Konservatoriya, Musiqi Akademiyası fəaliyyət göstərir. Bu qədər təhsil ocağı 20 il ərzində bir bəstəkar yetirə bilmədi ki, keyfiyyətli musiqilər, operalar, baletlər yazsın? O zaman bu təhsil ocaqları niyə fəaliyyət göstərir?
Ya bu məktəblər, akademiyalar, universitetlər birdəfəlik bağlanmalıdır ki, yetişən nəsil aldanmasın, heç olmazsa, başqa ölkələrdə təhsil ala bilsin. Ya da bu təhsil ocaqlarından rüşvət, tapşırıq kimi çirkinliklər yığışdırılmalıdır ki, sənət və sənətkarlar tükənməsin. Bir ölkənin 20 il ərzində dünyaya göstərəcək bircə operası belə, yazılmayıbsa, o ölkədə mədəniyyətdən, incəsənətdən söhbət də gedə bilməz. Yəni ki, elə bu gün, bu ölkədə və bu yazıda boş yerə incəsənətdən söz açdığım üçün məni bağışlayın!