CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə fantastika gerçək oldu, bizi nə gözləyir?

© AFP 2024 / Fabrice COFFRINIRobot Sofiya
Robot Sofiya - Sputnik Azərbaycan
Abunə olmaq
"Nəzərə alsaq ki, bu gün də küçələri xalalar süpürür, deməli bizim hələ 50 il robotlaşmadan qorxumuz yoxdur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son hesabatında 32 ölkədə işlərin 14 faizinin tamamilə avtomatik olaraq görüldüyü və bu səbəblə gələcəkdə bütün işləri robotların icra edəcəyi riski yarandığı qeyd edilib. Hesabatda vurğulanıb ki, bununla da dünyada 66 milyon insan işsiz qala bilər.

Toyota şirkətinin hazırladığı robot, arxiv şəkli - Sputnik Azərbaycan
Onlar işimizi də əlimizdən alacaq!

Hətta Şimali Avropa ölkələrində artıq xarici dil və riyaziyyat fənnini robotlar şagirdlərə tədris etməyə başlayıb. Bunlar da gələcəkdə insanların iş tapma probleminin yaranmasına, kütləvi işsizliyin yaranmasına səbəb olacağına gətirib çıxara bilər.

Sputnik Azərbaycan robotlaşmanın insanların sosial həyatına necə təsir göstərəcəyini mütəxəssislərdən soruşub. Sosioloq Əhməd Mansurov bildirib ki, robotlaşma insanların tənbəlləşməsinə səbəb olur: "Getdikcə insanlar passiv həyat tərzi keçirirlər. Bu da insanların səhhətinə böyük ziyandır".

"Hətta bəzi insanları depressiyaya da sala bilir. Bu da insanların stressli həyat keçirməsinə, aqressiv olmalarına səbəb olur. Bu halın üzərinə işsizliyi də əlavə edəndə vəziyyətin daha da pis hala gəlib çatacağı sübhə doğurmur" — mütəxəssis bildirib.

"Eyni zamanda, artıq müəllimləri belə, robotlar əvəz edəcəksə, bunun özü böyük problemlərin yaranmasına səbəb ola bilər. Belə ki, robotlar soyuqqanlı və qarşılıqlı münasibət anlayışı olmayan süni yaradılmış maşınlardır. Bunlar insana təhsil və tərbiyə verərsə, o insan gələcəkdə robotdan fərqlənməz. Bu da cəmiyyətdə qarşılıqlı münasibətə böyük zərbə vura bilər", — deyə sosioloq əlavə edib.

Ə.Mansurov iddia edir ki, bu inqilabdan Azərbaycan da kənarda qalmayacaq, ancaq buna hələ çox var: "Azərbaycanda öncə sənaye inkişafı yüksəlməlidir ki, robotlardan istifadə də çoxalsın. Amma gec-tez dünyada baş verən robotlaşma bizə də çatacaq. Bu da sonda bizi yuxarıda dediyim problemlər ilə üz-üzə qoyacaq".

İKT mütəxəssisi Vahid Qasımov isə qeyd edib ki, robotların inqilabı vaxtilə fantastik bir əsərin ssenarisi olub: "Hələ də fantaziya olaraq qalır. Süni intellekt hələ ki, özünü tam doğrultmur və yaradılan robotlar da insanlar vasitəsi ilə idarə olunur".

Elias robotu - Sputnik Azərbaycan
Bu da oldu: Müəllimləri robotlar əvəz etdi

"Bizdə sadəcə olaraq insanların kvalifikasiyası dəyişmiş olur. Əgər əvvəllər küçələri insanlar süpürürdüsə, indi maşınlar bunu icra edir. Amma həmin maşınları sürənlər yenə də insanlardır. Bu maşınlar insansız bir iş görə bilmir. Ona görə də insanların işsiz qalma problemi yoxdur" — həmsöhbətimiz vurğulayıb.

"O ki qaldı Azərbaycanda robotlaşmanın təsirinə və işsizliyin yaranmasına, nəzərə alsaq ki, bu gün də küçələri xalalar süpürür, deməli bizim hələ 50 il robotlaşmadan qorxumuz yoxdur", — deyə ekspert əlavə edib.

V.Qasımovun sözlərinə görə, insanlar artıq ağır insan əməyi ilə iş tapmağın çətin olacağını dərk etməlidirlər: "Son zamanlar intellektual sahələrə tələbat çoxalıb. İnsanlar əllərinə ağır alət alıb işləməkdənsə, həmin ağır aləti robota verib özləri robotu izləyəcəklər".

Xəbər lenti
0