BAKI, 10 aprel — Sputnik. 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica 2018" sərgisi keçiriləcək. Sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
Azərbaycan, Avstriya, Belarus Respublikası, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan, və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Bu il Türkmənbaşı Beynəlxalq Dəniz Limanı sərgidə debüt edəcək.
Sərgidə ticarət şirkətləri ilə yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.
"TransCaspian/Translogistica" sərgisi ilə eyni platformada daha iki sərgi: 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2018" və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar "CIBS 2018" sərgiləri keçiriləcək.
17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica" sərgisi nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının inkişafını nümayiş etdirməklə yanaşı, dövlət tərəfindən hazırlanan perspektivli infrastruktur layihələri ilə tanış olmaq və yeni satış kanalları tapmaq üçün əlverişli şərait yaradır.
Ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni http://www.transcaspian.az/az-register/ rəsmi saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.