BAKI, 9 aprel — Sputnik. Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. Sputnik Azərbaycan Sputnik Türkiyəyə istinadla xəbər verir ki, bu barədə Yelisey Sarayından yazılı açıqlama verilib.
Tərəflər Suriyada kimyəvi silahdan istifadə edildiyi iddia edilən hücumu pisləyib, 48 saat içində yenidən görüşmək qərarı alıblar. İki lider hücumla bağlı araşdırmaların artırılması üçün təlimat verib.
Açıqlamada E.Makronun Suriyada kimyəvi silahın tətbiqini pislədiyi qeyd edilir.
Məlumatda dövlət başçıları aprelin 9-da keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında fəaliyyətləri əlaqələndirməyi razılaşdırıblar. Hər iki dövlətin 2401 saylı qətnaməyə hörmətsizlik, həmçinin kimyəvi silahdan təkrar istifadəni pisləyəcəyi bildirilir.
Açıqlamada Suriyanın Şərqi Quta bölgəsində kimyəvi hücumun arxasında kimlərin olduğu göstərilməyib.
Qeyd edək ki, Fransanın Xarici İşlər Nazirliyi dünən verdiyi yazılı açıqlamada kimyəvi silahdan istifadə etməyin müharibə cinayəti olduğunu xatırladıb, BMT-nin iclasına çağrılacağını qeyd etmişdi. Açıqlamada Fransanın kimyəvi silahların çoxalmasına qarşı mübarizədə üzərinə düşən bütün məsuliyyəti götürəcəyi vurğulanmışdı.
Onu da bildirək ki, daha əvvəl Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada vəziyyəti müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.