BAKI, 14 apr — Sputnik. Ötən həftə Türkiyə sərhədinə yaxın İdlib şəhərində, rejim ordusu tərəfindən kimyəvi silahla zəhərlənərək öldürülən, yüzlərlə uşağın cansız bədənlərini əks etdirən fotoşəkillər bütün dünya mediasında nümayiş olundu. Bu vəhşət görüntüləri çox təəssüf ki, sözdə mədəni Qərb dünyasında elə də ciddi reaksiya yaratmadı.
Hansısa heyvana pis rəftar olunan zaman ayağa qalxan avropalıları, qərbliləri bu dəfə görə bilmədik. Bu dəfə heç bir aktivist efirlərə çıxıb, bu insanlıq dramından danışmadı.
Suriyalı günahsız bir balanın həyatının, bir alman iti qədər dəyərinin olmadığını gördük. Biz bunu onsuz da bilirdik. Sadəcə olaraq, qeyd-şərtsiz qərbi öyənlər də axır ki, bunu görmüş oldu.
Suriya rejiminin kimyəvi silahlarla öz xalqını, ən çox da körpələri zəhərləməsinə ilk reaksiya gözlənilməz bir yerdən gəldi. Suriyanın bu hala düşməsində ən böyük günahkar, problemin həlli üçün tutarlı siyasəti olmayan Amerikadan.
ABŞ, bu mənfur hadisəni fürsətə çevirməkdə heç gecikmədi. Böyük bir ölkə yox olarkən, yüz minlərlə günahsız insan öldürülərkən, milyonlarla suriyalı yad ölkələrə didərgin edilərkən səs çıxarmayan Vaşinqton, kimyəvi silah kimi təhlükəli və dünyada əks-səda doğuran mövzu gündəmə gələn kimi, güc nümayişi göstərmək adına Bəşər Əsəd rejiminə aid hava bazasını tomahawk raketləri ilə vurdu.
Birləşmiş Ştatların yeni rəhbərliyi bu hərəkəti ilə sanki bir daşla bir neçə quş vurmuş oldu. 1. Astana danışıqları öncəsi və sonrasında masada olmamasının əksikliyini kompensasiya etdi və bundan sonra masada olacağının mesajını verdi. 2. Dünyaya bu hadisə qarşısında nə qədər həssas olduğunu göstərdi. 3. Dəyişən güc tarazlığını yenidən öz lehinə çevirdi. 4. Lazım gələrsə gücdən istifadə edəcəklərini bütün dünyaya göstərdi. ABŞ-ın bu güc nümayişini yaxşı oxumaq və nə anlama gəldiyini təhlil etmək lazımdır.
Lakin burada daha önəmli məsələ var. Bəşər Əsəd nə üçün belə addım atsın? Kimyəvi silahdan istifadə edərək, dünyanın aparıcı güclərini müdaxiləyə məcbur edən davranışları niyə sərgiləsin?
Mən bu hadisədə Rusiyanın barmağı olmasa belə İranın mütləq barmağı olduğu qənaətindəyəm. Məqsəd Amerikanı oyuna daxil edərək, bölgəyə müdaxiləsini təmin etmək və Rusiya ilə qarşı-qarşıya gətirməkdir. Amerika ilə Rusiyanın qarşılaşması isə avtomatik olaraq NATO-nun dövrəyə girməsi anlamına gəlir. Türkiyə də NATO üzvü olduğu üçün, qaydalara uyğun olaraq ABŞ-ın yanında durmağa məcbur qalacaq. Bu isə avtomatik olaraq Rusiya və Türkiyənin münasibətlərinin korlanması deməkdir. Rəsmi Tehran da məhz bunu arzu edə bilər. Özünü Rusiyanın ən yaxın müttəfiqi kimi göstərmək üçün belə bir macəraya əl ata bilər.
İran və ABŞ harada yanılırlar?
Amerika ilə İranın ortaq hədəfi Türkiyə ilə Rusiyanın daha da yaxınlaşmasına mane olmaqdır. Beləcə ABŞ, qədim müttəfiqi Türkiyəni yenidən yanına alaraq güc tarazlığını öz lehinə çevirəcək, İran isə Rusiya ilə birlikdə hərəkət edərək sədaqətini sübut edəcək. Ona görə, kimyəvi silah istifadəsi hadisəsində İranın barmağı olma ehtimalı çox yüksəkdir.
Lakin, bu oyunu quranların yanıldıqları bir məsələ var: Türkiyə artıq köhnə Türkiyə deyil. Xarici siyasətdə mütləq aidiyyət və tərəf olma motivi ilə hərəkət edən Türkiyə artıq yoxdur. Əvəzində, öz milli mənfəətlərini və Türk-Müsəlman dünyasının sülh və salamatlığını əsasa alan bir Türkiyə var.
Türkiyənin hər mövzuda olduğu kimi, Suriya məsələsində də qırmızı xəttləri var. Amerika, bölgədə PYD-YPG terrorçuları ilə birlikdə hərəkət edərsə, zalım Əsəd ilə yola davam müzakirələrinə qoşularsa, Türkiyəni heç vaxt yanında görə bilməyəcək.
Ankara-Vaşinqton əlaqələrinin normallaşmasının yolu, Amerikanın PYD-YPG terrorçuları ilə əməkdaşlıqdan imtinasından və FETO rəhbərini qorumağı dayandırmasından asılıdır.
Bu şərtlər yerinə gəlməsə belə, Türkiyə gözlənilənin əksinə Rusiya ilə qeyd-şərtsiz müttəfiqliyə gedən ölkə də deyil.
Ankaranın Suriya məsələsində Rusiya qarşısındakı qırmızı xətti bəllidir. Bu, Bəşər Əsədsiz həll üzərində bir an öncə razılıq mühitinin yaradılması və Əsəd sonrasında Suriya xalqının öz gələcəyinə qərar verəcəyi bir sistemin təsis edilməsidir.
Türkiyə olmadan bölgədə qalıcı sülh və dinclik təmin edilə bilməz. Ankaranın qırmızı xəttləri açıq-aşkar ortadadır. Bu xəttlər bölgə və dünya sülhü üçün çəkilmiş xəttlərdir və Türkiyənin heç kimin torpağında gözü yoxdur.