BAKI, 6 aprel — Sputnik. Xətai rayonunun Zığ qəsəbəsində baxımsız vəziyyətdə tapılmış azyaşlı uşaqlar internata veriləcək.
Bunu Sputnik Azərbaycan-a "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Hazırda 8 yaşlı Əli, 7 yaşlı Kamilla, 5 yaşlı Emiliya və 3 yaşlı Emin Əhmədovlar "Təmiz dünya"nın sığınacağında məskunlaşıblar.
Qeyd edək ki, üç gün əvvəl Facebook sosial şəbəkəsində Zığda valideynləri tərəfindən diqqətdən kənarda qalan dörd azyaşlı uşaq barədə yayılan məlumat böyük rezonans doğurub. İlkin məlumata görə, uşaqlar dəhşətli şərtlər altında yaşayır. Onlar tez-tez ac qalır, valideynləri onları bağlı qapı arxasında saxlayaraq uzunmüddətli çıxıb gedirlər. Bununla yanaşı, balaca Eminin sifətindəki zərbə yeri də göstərir ki, valideynlər uşaqlarını döyürlər.
Hüquq müdafiəçisi Mehriban Zeynalovanın verdiyi məlumata görə, sözügedən uşaqlar aprelin 4-də sığınacağa gətirilib. Uşaqlara baxılmayıb, onları bit bürüyüb. Sığınacağın rəhbəri onların bitlərini təmizləmək üçün dərman alıb. Baxmayaraq ki, uşaqlar valideyn qayğısından kənar qalıblar, amma çox tərbiyəlidirlər. Aprelin 5-də onların atası Konstantin sığınacağa gəlib.
"Görünür uşaqlar ondan ötrü çox darıxmışdılar. Çünki dərhal onun boynuna atıldılar. Böyük uşaq ümumiyyətlə atasından ayrılmadı. Kişi çox həlim xasiyyətli, xeyirxah insandır, bunu uşaqları ilə rəftarından da görmək olar. Mən deməzdim k, o, uşaqlarına əl qaldırır. Biz böyük oğlanı atası ilə buraxdıq. Hazırda sığınacaqda Əhmədovlar ailəsinin üç uşağı qalır." — deyə Zeynalova bildirib.
Məlum olub ki, uşaqların anası Cəmilə Əhmədova özü anasız böyüyüb. Onun Konstantinlə nikahı rəsmən qeydiyyata alınmayıb. Bununla belə, uşaqların hamısının sənədləri qaydasındadır, şəxsiyyət vəsiqələri var.
"Uşaqlar bildirdilər ki, valideynləri xəstədir. Ata sidiyini saxlaya bilməməkdən əziyyət çəkir, ana isə psixi çatışmazlıqdan. Böyük oğlanın sözlərinə görə, qadın antidepresantların hesabına ayaq üstə durur. Lakin hər iki valideyn işləyir. Ata çilingər, ana isə qabyuyandır. Onlar ailələrini bir şəkildə dəstəkləməyə çalışırlar. Ailə çox kasıbdır və onların yardıma ehtiyacı var. Ata etiraf edir ki, onlara çətindir. Adi mənzildə yaşayırlar. Səhərlər qazanc dalınca gedirlər, uşaqlar isə evdə tək qalırlar. İşə gedəndə qapını arxadan bağlayırlar. Uşaqlar küçəyə icazəsiz çıxdıqları üçün cəzalandırılıblar. Ata hətta maraqlanıb ki, biz nə qədər müddət uşaqları sığınacaqda saxlayacağıq" — deyə Zeynalova bildirib.
Onun sözlərinə görə, uşaqlar hələlik sığınacaqda qalacaqlar. Valideynləri söz veriblər ki, uşaqların sənədlərini gətirəcəklər. "Təmiz dünya" bu barədə dövlət orqanlarını məlumatlandırıb. Daxili İşlər Nazirliyi uşaqlara müvafiq internat-məktəb müəyyən etməyə çalışır ki, valideynləri həftədə bir dəfə uşaqlarını görə bilsinlər. Uşaqlar əvvəllər məktəbə getmədikləri üçün yaşıdlarından çox geri qalırlar. Bu ilin sentyabrından etibarən böyük uşaqlar məktəbə gedəcəklər.
"Ailəyə kömək etmək lazımdır. Uşaqlar valideynləri ilə birlikdə olmalıdırlar. Burada məişət zorakılığı faktı müəyyən edilməyib. Hiss olunur ki, valideynlər sağlam ailə formalaşdırmaq istəyirlər, lakin müvəffəq ola bilməyiblər" — deyə hüquq müdafiəçisi əlavə edib.