BAKI, 29 mart — Sputnik. Liftdə Azərbaycan vətəndaşının təcavüzünə məruz qalan yeniyetmə hazırda Tbilisi İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında həkimlərin nəzarəti altındadır. Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə "Rustavi2" telekanalı məlumat yayıb.
Həkimlər 13 yaşlı oğlanın vəziyyətini stabil qiymətləndirirlər. Şahidlərin sözlərinə görə, insident dünən Tbilisinin yeddinci Vaja-Pşavela kvartalındakı binanın liftində baş verib. Yerli sakinlər bildiriblər ki, 22 yaşlı şübhəli şəxs mərtəbələrin birində içində həddi-buluğa çatmayan uşağın olduğu liftə daxil olub. Qonşular qısa müddətdə dəhşətli qışqırıq səsləri eşidiblər, dərhal polisə və təcili yardıma xəbər veriblər.
Yayılan məlumatlara görə, təcavüzkar oğlanın gözlərini çıxarmağa və onu iplə boğmağa çalışıb. Zərərçəkmişin qohumu seksual təcavüz cəhdini istisna edib.
"O (təcavüzkar — red.) "mən səni şeytana qurban verməliyəm" deyərək uşağı boğmağa başlayıb. Təcavüzkar satanist olub", — deyə adının çəkilməsini istəməyən qadın bildirib.
Təcavüzkarı hadisə yerindəcə saxlayıblar. Zərərçəkmişi isə dərhal xəstəxanaya göndəriblər. Şahidlərin sözlərinə görə, onun bütün sifəti qan olub. Onun görmə qabiliyyətini itirəcəyindən qorxsalar da, son məlumatlara görə, xoşbəxtlikdən bu baş verməyib.
Azərbaycanlı satanistin təcavüzünə məruz qalan oğlana oftalmoloq baxıb. On üç yaşlı zərərçəkmişin gözlərinə cərrahi müdaxilənin edilməsinə ehtiyac duyulmayıb. Amma hələlik onun görməsində problem var. Oğlanın beyni silkələnib və beyninə qan sızıb.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Respublikası Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsinin "mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, təqsirkar şəxs tərəfindən aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə" bəndi ilə cinayət işi açılıb. Təcavüzkarı 4 ildən 6 ilədək həbs cəzası gözləyir.