BAKI, 28 mart — Sputnik. Berlin şəhərində şahmat üzrə keçirilən İddiaçılar Turnirində Azərbaycan milli komandasının şahmatçısı Şəhriyar Məmmədyarov ikinci yeri tutandan sonra sosial şəbəkə vasitəsi ilə onu oyun zamanı dəstəkləyənlərə təşəkkür edib. Sputnik Azərbaycan xəbər verir ki, idmançı turnirin qalibi ola bilmədiyi üçün hər kəsdən üzr istəyib.
"Sizdən şikayətim yoxdur. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana və erməniyə olan dəstəyinizi də gördüm. Demək istədiyim budur ki, yaxşı ki, varsınız" — Məmmədyarov yazıb.
"Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, amma sonunculuq nədir, bu hissiyatı yaxın belə, buraxmadım. Çox sağ olun ki, mənə sonadək inandınız. Bütün mesajlarınızı aldım, cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Biz geri qayıdacağıq, uğurlar və yüz dəfə çox sağ olun" — o, əlavə edib.
Xatırladaq ki, rəqibi ilə heç-heçəyə razılaşan idmançımız birinci ola bilməyib. İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplamağı bacarıb.