BAKI, 26 mart — Sputnik. Məktəblərində tez-tez qanlı atışma səhnələrinin yaşandığı Amerikada bütün diqqətlər silah şirkətlərinə yönəlib. İnsanların asan yolla silah sahibi olduğu ölkələrin başında duran ABŞ-da əhali mövcud vəziyyətdən ciddi narahatdır.
Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, bütün ştatlarda vətəndaşlar hökumətdən mövcud qanunda dəyişiklik etməsini tələb edir. Bu isə fərdi silah istehsalı ilə məşğul olan şirkətlərin büdcəsinə ciddi zərbə deməkdir.
Son hadisələrdən sonra gəlirlərinin azaldığını, iflasa sürükləndiyini hiss edən "Remington" markalı silah şirkəti, "İflasdan Qorunma" qanunundan faydalanmaq üçün məhkəməyə müraciət edib. Qeyd edilir ki, "Remington"un gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb.
"Remington" silah istehsalını dayandırmaq niyyətində deyil. Məhkəməyə müraciət sayəsində dövlətdən zəmanət alan şirkət borcunu təxminən 700 milyon dollar azaldacaq.
Şirkətdən verilən açıqlamaya görə, zavodda çalışanların maaşları dövlətin zamin durması ilə vaxtı-vaxtında ödəniləcək.
"Remington" 1816-cı ildə yaradılıb. ABŞ-da vətəndaş müharibəsi, eləcə də Birinci və İkinci dünya müharibələri dövründə cəbhəyə silah göndərib. Şirkət 2007-ci ildə 370 milyon dollara "Cerberus Capital Management"ə satılıb. Amma iflas prosedura yekunlaşandan sonra bu şirkət "Remington"dan imtina edəcək.