BAKI, 26 mart — Sputnik. ABŞ Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın Rusiyada zəhərlənməsi ilə bağlı 60 rusiyalı diplomatı ölkədən çıxarır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin yüksək vəzifəli əməkdaşı bildirib.
Ağ Evin əməkdaşı diplomatların hansı müddət ərzində ölkəni tərk etməli olduqlarını da açıqlayıb: "Onların ABŞ-ı tərk etmələri üçün 7 gün vaxtları var".
Artıq Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov da rusiyalı diplomatların qovulması xəbərini təsdiq edib: "Bu gün səhər Dövlət Departamentinə dəvət edildim. Mənə ABŞ-ın 48 diplomatı ölkədən çıxartdığı ilə bağlı xəbərdarlıq edildi. İndicə xəbər tutdum ki, BMT-dəki 12 əməkdaşımız da persona-non-qrata elan edilib".
Rusiya ABŞ-ın bu qərarına adekvat cavab verməyə hazırlaşır. Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov 60 amerikalı diplomatın qovulacağını deyib: "Sözsüz ki, qərarı siyasi rəhbərlik qəbul edəcək. Amma aydındır ki, cavab güzgünün əksi kimi olacaq. Ona görə də, ABŞ "hədiyyəini" alacaq".
ABŞ-la eyni gündə Avropa ölkələri və Kanada da rusiyalı diplomatları ölkədən qovub. Avropa Şurasının sədri Donald Tusk Avropa Birliyinin 13 ölkəsinin rusiyalı diplomatları qovduğunu açıqlayıb. Onların sırasına Xorvatiya, Finlandiya, Rumıniya, Litva, Latviya, İtaliya, Fransa, Danimarka, Hollandiya, Çexiya, Estoniya, Polşa, Almaniya var. Bundan əvvəl Böyük Britaniya rus diplomatları qovmuşdu. Bu sıraya Kanada və Ukrayna da qoşulub.
Qeyd edək ki, BKİ-nin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Londonun Solsberi rayonunda zəhərləniblər. Qərb ölkələri onların zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarını günahlandırırlar. Rəsmi Moskva isə ittihamları rədd edərək, bunun təxribat olduğunu bildirir.