BAKI, 18 mart — Sputnik. Artıq postunu tərk etməkdə olan (31 martda səlahiyyətləri başa çatır — red.) dövlət katibi Reks Tillersonun vəzifədə olduğu müddətdə həyata keçirdiyi və keçirmək istədiyi tədbirlərin Amerika və dünya dövlətləri üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinə nəzər salmaq indi yerinə düşər.
Öncə qeyd etmək lazımdır ki, Tillersonun hakimiyyətdən uzaqlaşdırılacağı haqqında xəbərlər siyasi çevrələrdə çoxdan səsləndirilirdi. Xüsusilə də, onun Trampı “axmaq” yerinə qoymasından (Reks özü bu xəbəri şayiə adlandırdı) sonra. Amma hər dəfə həm prezident, həm də dövlət katibi bu məlumatları əsassız adlandırırdı. Görünür, Trampın yaxın çevrəsi onun idarəetmə tərzini yaxından bildiklərinə görə, Tillersonun çox davam gətirməyəcəyini söyləyirdilər. Tramp sonda qərarını açıqladı və dövlət katibinin istefaya göndərilməsini belə əsaslandırdı ki, “mən istədiyim kabineti əldə etməyə yaxınlaşıram”. Yəni Tillerson mənim işləmək istədiyim fiqur deyildi və mən yenə də uyğun olmayan adamları dəyişməkdə davam edəcəm. Bir sözlə, missiya davam edir.
Bəs Tramp ilə Tillerson arasında bu vaxta qədər haqqında danışmaq istəmədikləri fikir ayrılıqları hansılardır? Bu sualın cavabı eyni zamanda Amerikanın bu əvəzlənmədən əldə edəcəyi mənfəətlə üst-üstə düşür:
1. Şimali Koreya məsələsi — Reks Tillerson vəzifəyə təyinat aldığı ilk gündən bu problemlə yaxından məşğul olurdu və hesab edirdi ki, konflikt danışıqlar yolu ilə həll olunmalıdır. Trampın hədə-qorxu dolu bəyanatlarından fərqli olaraq, güc tətbiq etməklə bu məsələdə istənilən nəticəyə nail olunmayacağını bildirirdi. Tramp isə “Reks, sən vaxtını boş yerə sərf edirsən” — deyə danışıqların konstruktiv olmayacağını bildirirdi. Amma sonradan o özü Kim Çen Inla danışıqlar masası arxasında oturmağa razılaşdı.
2. Qüds məsələsi.
Reks Tillerson ABŞ səfirliyinin Qüdsə köçürülməsinin tərəfdarı deyildi. Əlbəttə, bunu açıq ifadə edə bilmirdi və hesab edirdi ki, Trampın bu addımı Amerikaya Yaxın Şərqdə zərbə vurmaqdan başqa nəticə verməyəcək.
3. YPG-PKK və ABŞ əlaqələri.
Bu məsələdə Tillerson Türkiyənin mövqeyi ilə üst-üstə düşən mövqe sərgiləyirdi və öz münasibətini Türkiyədə səfərdə olarkən ifadə etmişdi. O, “kürdlərlə yaxınlıq Türkiyə ilə münasibətlərin pozulması hesabına baş verməməlidir” fikrini müdafiə edirdi.
4. İranla P5+1 ölkələri arasında nüvə sahəsində bağlanan müqavilə.
Məlum olduğu kimi, Donald Tramp, bu müqaviləni Amerika tarixində imzalanan ən dəhşətli müqavilə adlandırır. Mayın 18-də müqavilənin müddətini uzatmaqla bağlı sənədə imza atmayacağını bəyan edir. Tillerson isə tamam əks mövqe tuturdu. O, İranla əlaqələrin gələcəkdə inkişaf etdirilməsinin tərəfdarı olmasına dəlalət edən fikirlər səsləndirirdi. Tillersonun bu mövqeyi Trampı əhatəyə alan yəhudi lobbisini də narahat edirdi.
5. Rusiyaya sanksiyaların tətbiq olunması məsələsi.
Reks Rusiya ilə bu qədər sərt danışmağın tərəfdarı deyildi. O, yumşaq gücdən istifadə etməyi məsləhət görürdü.
Yuxarıda qeyd etdiyimiz məsələlər Trampla Tillerson arasında mövcüd olan ziddiyyətin kütləvi informasiya vasitələrinə yol tapmış nümunələridir. Düşünürəm ki, mövcud fikir ayrılıqları yetərincə ciddi idi ki, bunlar Tillersonun vəzifədən çıxarılması ilə nəticələndi.
Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeonu dövlət katibi vəzifəsinə təyin etmək haqqında qərar qəbul edib. Mayk müəyyən müddətdir ki, Trampla birlikdə işləyir və aralarında fikir ayrılıqlarının olmadığı haqda məlumatlar yayılıb. Pompeo qeyd-şərtsiz Trampın apardığı siyasət və gördüyü tədbirlərin tərəfdarıdır. Deməli, Tramp idarəçiliyinə onun siyasətini təqdir edən — bu siyasət Amerikanın nüfuzunun itirilməsinə yol açsa belə — yeni bir şəxsiyyət əlavə olundu.
Mayk Pompeonun bu vəzifəyə gətirilməsi eyni zamanda, Trampa təsir edərək onu riskli addımlardan qoruya biləcək qüvvələrin zəiflədilməsi, İsrail tərəfdarlarının güclənməsi istiqamətində atılan addım kimi də qiymətləndirilməlidir.
Bu dəyişiklikdən düşünürəm ki, Amerika xalqı yox, Tramp fayda götürəcək. Amma qısa vədəli.