BAKI, 16 mart — Sputnik. "Prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisdə bu gün Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Zahid Oruc açıqlama verib.
Onun sözlərinə görə, yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq: "Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq".
Deputat digər bir mühüm məsələyə də toxunub: "Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar. Dövlətin müqəddəsliyinə xələl gətirmək olmaz".
"Xaricdən bəzi şəxslər Azərbaycanın ümumi ictimai-siyasi məkanını təhqir notlarına bürüyür, təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan, Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm" — Z.Oruc bildirib.
O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə də müraciət edib: "Şeyx hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ən müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Ona görə də şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram".
"Mədəniyyət və incəsənət xadimləri kampaniyaya reaksiya verməlidirlər. Bunların hər biri sizə qarşıdır. Buna müşahidəçi qalmaz olmaz. Bu məsələ hər birimizdən vətəndaş mövqeyi tələb edir" — millət vəkili vurğulayıb.