BAKI, 16 mart — Sputnik. "Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında baş nazir Artur Rasi-zadə hökumətin ötən il üzrə hesabatını təqdim edərkən deyib.
Baş naziri bildirib ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır: "Dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır".
A.Rasi-zadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli ilə yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır: "Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur".
"2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur".