BAKI, 13 mart — Sputnik. "Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda saxlanılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, o, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən tutulub.
Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.
Mərhumun yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".