BAKI, 9 mart — Sputnik. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyun 3-0 hesabı ilə Azərbaycanın qalibiyyəti ilə nəticələnib.
Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb. “B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Oyunlarda əsas məqsəd parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.
Turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.