Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Flora Kərimovadan etiraf: "Məndən xalq düşməni düzətmək gecdir"

Abunə olmaq
Flora Kərimova üçün qadın xoşbəxtliyi uğurlu karyera ilə deyil, analıqla bağlıdır

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Azərbaycanın Xalq artisti Flora Kərimova təkrarsız ifası ilə milli ekstradamızın "qızıl" səsi olaraq qalır. İnanmaq çətindir ki, bu həmişəcavan və istedadlı qadının 77 yaşı var. Baxmayaraq ki, son illərdə müğənnini efirlərdə tez-tez görmək və eşitmək mümkün deyil, amma o, heç vaxt unudulmur. Bayram verilişləri və konsertlərinin, filmlərin, teletamaşaların 80%-ni xalq artistinin səsi və iştirakı olmadan təsəvvür etmək çətindir.

Sputnik Azərbaycan Flora Kərimova ilə məhz qadınlar günü — 8 Mart ərəfəsində görüşüb. Bizim söhbətimiz birnəfəsə iki saata qədər uzandı. Flora xanım gündəlik həyatından, hazırda telekanallarda ona olan qadağadan danışıb, yaradıcılığına və ailə həyatına toxunarkən dünyanın ən xoşbəxt qadını olduğunu deyib.

Arayış: Flora Kərimova öz estrada fəaliyyətinə 60-cı illərdə ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxışı ilə başlayıb. Onun repertuarına əsasən lirik mahnılar daxildir. Lakin o, ritmik kompozisiyaların da ifasını davam etdirir. Kərimova xüsusi olaraq onun üçün lirik mahnılar yazmış bəstəkar Emin Sabitoğlu ilə yaxından əməkdaşlıq edib. Bütün dövrlərin hitinə çevrilmiş "Bir axşam taksidə" kompozisiyasını Sabitoğlu Kərimova üçün yazıb.

— Flora xanım, bu gün sizi efirdə nadir hallarda, səhnədə isə gec-gec görürük. Bunun səbəbi nədir?

— Siz bilmirsiz? Mən qadağa altında olmuşam. Düzünü desəm, mənim üçün bu artıq yenilik deyil, çünki mənimlə belə şeylər tez-tez olur – iki il qadağa altında, üç ay səhnədə, sonra yenə qadağa (gülümsəyir). Bilirsiniz, ən qəribəsi nədir? Həyat və zaman göstərir ki, məndən yaxşısını tapa bilmirlər.

Bütün bunlar başıma ona görə gəlir ki, mən susa, daha dəqiqi laqeyd qala bilmirəm. Lakin mən də başa düşürəm ki, mənim yaşımda belə yükün altına girmək olmaz.

— Yaş sadəcə rəqəmdir…

© Sputnik / Murad OrujovFlora Kərimova
Flora Kərimova - Sputnik Azərbaycan
Flora Kərimova

— Əgər qadın, yəni, məsuliyyətli qadın öz yaşını hiss etmirsə, onda vəssalam, hər şey qurtarıb. Qadın həmişə özünü öz yaşına uyğun hiss etməlidir. Əlbəttə, hər birimiz öz yaşımızın artmağına ağrılı yanaşırıqı, amma bu o demək deyil ki, qadın özünü unutmalı və düzgün təqdim etməyi bacarmamalıdır. Bu mənada mən çox ehtiyatlıyam. Cəmiyyətin və ailənin məsuliyyəti yalnız qadının çiyinlərinə düşür.

— Bəs "əsas ruhun gəncliyidir" ifadəsi necə olsun?

— Sizcə, bu yaxşıdır? Birincisi, gəncləri görərək həyatının axıb getdiyini görmək və altmış yaşın olduğu üçün qarşıda heç bir perspektivin olmadığını başa düşmək həmişə ağrılıdır, düz deyil? Bu ciddi qıcıqlandırır. Bu səfeh ifadəni işlədən qadına inanmayın, yalandır. Bu ruhla neyləyə bilərsən ki? Həsəddən başqa heç nəyə nail olmayacaqsan.

Mən öz gəncliyimi yaxşı xatırlayıram. Gənc yaşlarımda həm müğənni, həm də qadın kimi kim olduğumu hətta dərk etmirdim, lakin deyirlər ki, gözəgəlimli olmuşam (gülümsəyir). Amma həyatda bir dönüş məqamı gəldi və mən öz yaşımdan elə qorxmağa başladım ki, hamıdan gizlənmək istəyirdim. Lakin buna digər tərəfdən yanaşdım. Məndən soruşanda deyirdim ki, 45 yaşım var, bir azdan 50 olacaq. Amma onu deyəndə mənim cəmi 40 yaşım var idi. Mən öz yaşımı artırırdım. İnanmazsız, amma 60 yaşım olanda deyirdim ki, 77 yaşım var, yəni, indiki yaşımı. Bu gün bu rəqəm məni qorxutmur.

© Sputnik / Murad OrujovFlora Kərimova
Flora Kərimova - Sputnik Azərbaycan
Flora Kərimova

— Qəribədir. Siz buna çox sadə baxırsınız.

— Bəli. İş ondadır ki, mən sadəcə şəxsiyyət kimi formalaşmışam. Bir dəfə qızım sual verdi ki, niyə mən heç vaxt heç kimə paxıllıq etmirəm. Cavabım sadə idi: bu mənim heç ağlıma gəlməyib. Qızımın cavabı isə lap əla oldu. Dedi ki, mən müğənni kimi ən yaxşıyam və paxıllıq etməmək mənim üçün asandır.

— Nə vaxt başa düşdünüz ki, hamıdan yaxşısınız?

— Heç vaxt (gülümsəyir). Düzünü deyirəm, hərdən özümə qulaq asıram və unuduram ki, bu mənim səsimdir. Hətta özlüyümdə fikirləşirəm ki, bu qadın necə də yaxşı oxuyur. Özümü duymuram. Flora Kərimova ekranda və evdə iki ayrı adamdır.

— Yəqin ki, özünüzə xoşbəxt qadın deyə bilərsiniz…

— Əvvəllər məndən bunu soruşanda özlüyümdə xoşbəxtliyin nə olduğunu düşünürdüm. Fikirləşirdim ki, xoşbəxtlik yəqin ki, nəsə uzunmüddətli, qlobal, sabahkı gündən qorxmadığın bir haldır. Mən isə həmişə sabahdan qorxmuşam. Və hansısa məqamda birdən başa düşdüm: mən axı xoşbəxt qadınam və mənim xoşbəxtliyim ana olmağımdadır. Övladlarım böyüyüb ümidlərimi doğruldanda bunu başa düşdüm.

— Flora xanım, bu, sizin xidmətinizdir, düzgün tərbiyə…

— Yox. İnanın, insan təbiəti tərbiyədən güclüdür. Təbiət və mahiyyət həmişə dərinlikdə olurlar, onları heç vaxt dəyişmək mümkün deyil. Hərdən istəyirsən ki, belə mahiyyətli insanlar ölkəmizdə çox olsun.

© Sputnik / Murad OrujovFlora Kərimova
Flora Kərimova - Sputnik Azərbaycan
Flora Kərimova

— Mən də bunu istəyərdim. Bir də istəyərdim ki, istedadlar tez sönməsinlər. Təəssüf ki, belələri az deyil.

— Onlar yoxa çıxmırlar, onları yoxa çıxarırlar… Belə insanlara müəyyən qayğı lazımdır. Bizdə bəzən qiymətləndirmirlər, bəzi məqamlarda heç kimin heç nə vecinə olmur. Və əlbəttə istedadlar sönməyə başlayırlar. Təsəvvür etmirsiniz ki, boşluqda oturaraq özünə "mən bu istedadımla burda kimə lazımam" sualını vermək necə də ağırdır.

Məni həmişə bir sual düşündürüb: niyə gənc istedadlar qapı ağzında dayanıb kömək istəməlidirlər? Onlar elə buna görə gedirlər və bundan da biz itiririk. Bəli, əlbəttə mən gedib özünü təsdiq edən hər bir şəxsə görə sevinirəm. Amma digər tərəfdən bu çox ağrılıdır.

— Son vaxtlar Azərbaycanda sizi valeh edən səs var?

— Əlbəttə var, heç bir xalq istedadlardan xali deyil. Üstəlik, bizdə millətin konservatoriyası olan Qarabağ, Şuşa xanəndələr məktəbi var.

— Lakin yerli telekanallara baxanda heç kimi görmürük…

— Biz sadəcə onların barəsində bilmirik. Onlar barəsində məlumatlı olanlar isə görmək istəmirlər. İnsan nə qədər əlində məşəl tutaraq küləyə qarşı qaça bilər?

— Bugünkü estradamızı necə xarakterizə edə bilərsiniz?

— Əgər şou varsa, sənətə yer yoxdur. Şübhəsiz ki, mən konkret insanlardan danışmıram. Əgər insan başqa cür yaşaya bilməyib özünü əxlaqi baxımdan satırsa, bu yerdə heç vaxt sənət olmayacaq. Mənə asandır, oğlum Almaniyada, qızım İngiltərədədir, onlar mənə kömək edirlər və mən əlimi açıb pul dilənmirəm.

Lakin əla yaşayıram demək də olmaz. Məgər mən illərlə qadağa altında olmağa layiqəm? Razıyam, bəlkə də mən daha mülayim, səbrli olmalı idim… Lakin əgər bu mənə qarşı qlobal münasibət olsaydı, mən vəziyyəti olduğu kimi qəbul edərdim. Burada isə sadəcə kimsə başqasına xoş gəlmək və ya gözünə girmək üçün məni "ortadan yığışdırmaq" istəyib.

— Sizin barənizdə olan "qadağa" sözü mənim üçün qəribə və anlaşılmaz səslənir. Yaxşı, qoy olsun. Bu gün bu qadağa götürülüb, səhnəyə çıxmağa hazırsız?

— Mən istənilən halda səhnəyə çıxıram. Qəribədir ki, mən indiyədək çoxlu tamaşaçı toplayan müğənniyəm və hətta qadağan olunsam belə məni yaxşı gəlir götürmək üçün konsert proqramına daxil edirlər (gülür). Mən səhnəyə çıxıb mikrofonu əlimə götürən kimi artıq əl çalmağa başlayırlar və alqışlar on dəqiqədən az çəkmir.

Başa düşürsüz, məni "xalq düşməni" etmək üçün bəzilərinə ətrafda dözülməz gərgin mühit və xalqın mənə nifrətini yaratmaq lazımdır. Lakin başa düşürsüz ki, artıq gecdir. Özüm haqqında belə danışdığıma görə sizdən dəfələrlə üzr istəyirəm, amma bu faktdır — artıq gecdir. Mən heç vaxt alçalma qaydalarına tabe olmamışam!

— Hətta bu sərt dünya belə sizi dəyişə bilməyib. Siz sanki "Qoy bu dünya mənim qarşımda əyilsin" devizi ilə yaşayırsız.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Məşhur müğənnimiz "Şərəf" ordeni ilə təltif edildi

— Sındıra bilməyib, razıyam. İlk növbədə həmişə övladlarımı düşünmüşəm. Mənim üçün övladlarımın hörmətini itirməmək çox vacibdir. Mənə xarakterimə görə hörmət edirlər. Məni hətta siyasət dünyasında başa düşürlər və eşidirlər, düzdür, belələri çox deyil.

— Yeri gəlmişkən, siyasət barədə. Siyasətdən də məyus oldunuz?

— Çox məyus oldum. Mən vitrin idim. Mən və başqa bir neçə şəxs sözün əsl mənasında özlərini vətənpərvər kimi göstərən adamlar üçün imic formalaşdırırdılar. Əgər mən vaxtında hər şeyi hiss etməsəydim, onda yəqin ki, bu gün də siyasətdə olardım. Amma getdim.

— Flora xanım, bu gün nə arzulayırsınız?

— Heç vaxt arzularla yaşamamışam, mən realistəm. Heç vaxt öz prinsiplərimi tapdalayaraq, həyəcanlar yolu ilə əldə edə biləcəyim bir şey barədə xəyallar qurmamışam. Bir şey deyim: həyatda müəyyən status əldə etdikdən sonra özümə daha sərt yanaşmağa başladım. Hətta deyirdilər ki, mən təklikdə özümə nəzarət edirəm.

Bu gün mən yalnız bir şeydən qorxuram — mənim ölümümdən sonra tək qalacaq qızımın ağrısından.

Xəbər lenti
0