BAKI, 7 mart — Sputnik. Nigeriyada yanvar ayından bəri yayılan Lassa epidemiyası misli görülməmiş sürətlə yayılır.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən virus artıq ölkənin azı 18 ştatına yayılıb.
Son hesablamalara görə, təkcə doqquz həftə ərzində ölkədə 110 nəfər həlak olub. Qurbanlardan savayı 353 əlavə yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında 16 tibb işçisinin olduğu deyilir.
Ümumilikdə 3 minə yaxın insan virusa yoluxmaqda şübhəli bilinir.
Lassa qızdırması, viruslu hemorraqik qızdırmalar qrupuna aid kəskin infeksion xəstəlikdir. Hazırda ona qarşı peyvənd mövcud deyil. Virus daha çox qida, su, anti-sanitar şərait, qan və ya siçovlular vasitəsilə ötürülür.
Eyni zamanda hava-damcı yolu ilə ötürülə bilən virusun inkubasiya müddəti 3 həftə təşkil edir. Xəstəlik yüksək hərarət, baş ağrıları və ümumi taqətsizliklə müşahidə olunur. Ağır hallarda Ebola virusuna uyğun fəsadlara yol açır, güclü daxili qanaxmaya səbəb olur.