BAKI, 6 mart — Sputnik. Plovun dadlı, düyülərin dən-dən qalması üçün düyünü bir neçə saat suda saxlayırıq. Əksəriyyətimiz düyünü süzdükdən sonra suyunu atırıq. Lakin düyü suyunun faydasını öyrəndikdən sonra onu atdığınız üçün peşman olacaqsınız. Sputnik Azərbaycan Publika.az- xəbər verir ki, düyü suyu xüsusi ilə dəri üçün faydalıdır.
Düyü suyu necə hazırlanır?
1/2 stəkan düyünü yuduqdan sonra 2 stəkan suyun içinə tökün. Ən az 20-40 dəqiqə sonra düyünü süzüb suyunu təmiz bankaya tökün. Soyuducuda 1 həftəyə qədər saxlamaq olar.
Düyü suyu nələrə faydalıdır?
Düyü suyu ilk növbədə dəri problemlərinin müalicəsində istifadə edilir. Yapon qadınları da dəri gözəlliyini düyü suyu ilə qoruyur.
Makiyaj disklərini, yaxud pambığı düyü suyuna batırıb dərini onunla silin. Yadda saxlayın ki, dəri təmiz olmalıdır. Düyü suyu dəri rəngini bərpa edir, sızanaq problemini azaldır, ekzemaya yaxşı təsir edir, allergiyanı sakitləşdirir, günəşdən yanmış dərini sağaldır.
Düyü suyu saç üçün faydalıdır. Saçınızı yuduqdan sonra düyü suyu ilə yaxalayın. Bu su saç diblərini möhkəmləndirir və onlara sağlam görünüş qazandırır.
Düyü suyu, eyni zamanda ürəkbulanma və mədə pozulmasına da yaxşı təsir edir. Mədənizdə ağrılar varsa, 1 stəkan düyü suyunu yavaş-yavaş için. Bir saatdan sonra qarnınızdakı ağrılar tamamilə aradan qalxacaq.