BAKI, 28 mart — Sputnik. Düyünün faydaları haqqında çox eşitmişik. İstər "Xalq təbabəti" kitablarında, istər həkim məsləhətlərində, istərsə də internetdə apardığımız axtarışlarda düyünün insan sağlamlığına xeyri barədə geniş məlumatlar tapa bilərik.
Lakin son vaxtlar düyü haqqında internetdə yayılan xəbərlər bizi ciddi-ciddi düşünməyə vadar edir. Çünki, bildiyimiz düyülərin heç də hamısı əkilib-becərilən növlərə aid deyil. Marketlərdə yeni-yeni adlarla gördüyümüz bu məhsullar getdikcə əsl təhlükə mənbəyinə çevrilib. Əlbəttə, əgər bu məhsullar Çindən gətirilərsə. Saxta telefon, saxta elektronika məhsulları, avtomobil ehtiyat hissələri və telefon istehsalçısı kimi tanıdığımız Çində bu dəfə də saxta qidaların hazırlanması geniş yayılıb.
Bu ölkədə düyülərin un və plastik materiallardan hazırlanması barədə internetdə videolar yayılıb. Adi gözlə saxta düyünü təbiisindən fərqləndirmək qeyri-mümkündür. Saxta düyülər olduqca möhkəm olur və saatlarla qaynadılsa belə, dağılmır. Bu düyülər kartof, şirin kartof və plastikdən hazırlanır.
Sputnik Dailymail-ə istinadən xəbər verir ki, süni düyü məhsulları daxili bazarda satışa artıq çoxdan çıxarılıb. Çində 2008-ci ildə hazırlanan saxta südlə qidalanan 300 min uşaqda böyrək problemləri yaranmış, altı uşaq həmin süddən zəhərlənərək ölmüşdü. Lakin həmin vaxt Pekin Olimpiadası keçirildiyindən, məsələ çox qabardılmadı.
Düyü məsələsinə gəlincə, Çin bu düyüləri təkcə istehsal etməklə kifayətlənmir, xarici bazarlara da ixrac edir. Bu qidanı becərməyin çətin proses olduğunu nəzərə alsaq, ölkələrin bu məhsula maraq göstərməsi normal qarşılana bilər. Bəs bu sintetik düyülərin Azərbaycan bazarına daxil olma ehtimalı mümkündürmü?
Bu suala cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovla əlaqə saxladıq. Cümşüdov Sputnik-ə açıqlamasında əhalinin narahatlığını anladıqlarını, ancaq buna ehtiyac olmadığını bildirib: "İdxal ilə bağlı statistikaya baxsaq, görərik ki, ölkəmiz Çindən sanıldığı qədər çoxlu məhsul almır. Azərbaycana gələn bitkiçilik məhsulları Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar nəzarət xidmətinin laboratoriyasında təhlil olunur, nəzarətdən keçir, daha sonra o məhsula idxal sertifikatı verilir".
"Əks təqdirdə həmin məhsul dərhal geri qaytarılır. Yəni təyinatı bilinməyən, ərzaq adı altında sintetik məhsulun gətirilməsinə heç cür şərait yoxdur, imkan da verilmir", —deyə nazirlik rəsmisi vurğulayıb.
İ. Cümşüdov düyü ilə bağlı vətəndaşların narahatçılığının heç bir əsası olmadığını deyib: "Tam əminliklə deyə bilərəm ki, insanlarımız marketlərdən düyü məhsullarını rahat ala bilər. Hər hansı məhsuldan şübhə edərlərsə, Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarət Xidmətinə və ya Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik-ə açıqlamasında, saxta məhsulların Azərbaycanda da hazırlana biləcəyini söyləyib: "Sintetik düyü məhsullarını ölkəmizdə də hazırlamaq olar. Bu o qədər də imkansız bir proses deyil. Qaldı ki, saxta düyülərin Çindən Azərbaycana gətirilmə ehtimalına, zənnimcə, bu da mümkündür".
E. Hüseynov sintetik düyülərin öldürücü təsiri olmadığını, lakin təbii məhsulların daha məsləhətli olduğunu deyib.