BAKI, 5 mart — Sputnik. Misirin tanınmış şoumeni, teleaparıcı Hayri Ramazan həbs olunub. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, o, polisi təhqir elədiyi üçün tutulub.
Ölkə mətbuatının yazdığına görə, "Misir Bu gün" proqramını aparan Ramazan polis təşkilatına və əməkdaşlarına zərər verə biləcək xəbər və məlumat yaymaqda təqsirləndirilib.
Prokurorluq tanınmış şoumenin 4 gün polis nəzarətində qalmasına qərar verib. Hayri Ramazan isə prokurorluğun ona ünvanladığı ittihamları rədd edib.
Aparıcı sonuncu proqramında bir polis işçisinin həyat yoldaşı ilə söhbət elədiyini və həmin qadının ona ərinin maaşı az olduğu üçün övladlarını özəl yox, dövlət məktəbinə qoyduğunu dediyini bildirib. Prokurorluq bu ifadəyə görə şoumenə qarşı istintaq başladaraq onun sözlərini polisə təhqir kimi dəyərləndirib.
Qeyd edək ki, prezident Əbdülfəttah əs-Sisi bir neçə gün əvvəl televiziyadakı çıxışında, polis və orduya edilən təhqiri "vətənə xəyanət" kimi xarakterizə etmişdi.