BAKI, 28 fevral — Sputnik. İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, 322.0.2-ci maddəyə "olmadan" sözündən sonra ", habelə nasaz və ya plombası pozulmuş taksometrlə" sözləri əlavə edilib.
Təklif olunan mətndə deyilir ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombası pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.
Mövcud mətndə isə göstərilir ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.