BAKI, 27 fevral — Sputnik. İnzibati Xətalar Məcəlləsinə yeni 326-1-ci maddə əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni maddə "Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi" adlanır.
Həmin maddədə deyilir ki, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni:
1. taxoqraf olmadan yerinə yetirilməsinə;
2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə;
3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə;
4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə;
5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə —
fiziki şəxslər yüz əlli manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə — əlli manat məbləğində cərimə edilir.
Digər bir dəyişikliklə Məcəllənin 342.1.10-cu (Beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir) maddəsi ləğv edilib.
Layihədə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu maddədə yalnız beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur.
Təqdim edilmiş layihəyə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib.
Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.
Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkdə davam edirlər. Bu da öz növbəsində yorğunluqdan və yuxusuzluqdan ağır yol nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur.
Qanun layihəsinə görə, həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.
Layihəyə görə, həmin dəyişiklik beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması məqsədini daşıyır.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda da müvafiq dəyişikliklər edilib.
Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.