BAKI, 22 fevral — Sputnik. Respublikanın daxili işlər orqanları bu sutka ərzində bir neçə oğurluq faktının üstünü açıb. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Belə ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin əməkdaşları 2017-ci ilin noyabr-dekabr aylarında oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhəd Əmirovu saxlayıb. Onlar dörd evdən və bir bağ sahəsindən tikinti materialları, həmçinin iki baş xırdabuynuzlu heyvan oğurlayıblar.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları isə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Əziz Əsgərovu saxlayıblar. O, bu il yanvarın 25-dən fevralın 10-dək beş mənzildən qızıl-zinət əşyaları, məişət avadanlıqları və paltar oğurlamaqda şübhəli bilinir.
Nərimanov rayonunda isə fevralın 6-da mağazadan 515 manat pul və geyim oğurlanıb. Faktla bağlı həddi-buluğa çatmayan Yexlax rayon sakini saxlanılıb.
Qazax rayonunda isə yanvarın 25-də yerli sakinin evindən min manat pul və 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Faktla bağlı Yevlax rayon sakini Rəsul Bəkirov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.