BAKI, 21 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova Rusiya estradasının primadonnası, Xalq artisti Alla Puqaçova ilə ilk dəfə duet oxuyub.
Aygün Kazımovanın dostlarından birinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, müğənnilər "Bakı-Moskva" mahnısını oxuyublar. Bu mahnı ilk dəfə 8 Mart — Beynəlxalq Qadınlar Günündə Azərbaycan və Rusiya tamaşaçılarına təqdim ediləcək. Onlar əmindirlər ki, bu mahnı hitə çevriləcək.
Hələlik Kazımova duetin təfərrüatlarını açıqlamaq istəmir. Çünki onu pərəstişkarlarına sürpriz etmək niyyətindədir.
Qeyd edək ki, müğənni dəfələrlə öz müsahibələrində hər kəsi şok edəcək irimiqyaslı layihə üzərində işlədiyini bildirib. Kazımova buna qədər Puqaçovanın repertuarından məşhur "Arlekino" mahnısını və primadonnanın keçmiş həyat yoldaşı – Rusiyanın Xalq artisti Filipp Kirkorovla olan duetini oxuyub.
Alla Puqaçova Azərbaycanı çox sevir. O, sonuncu dəfə Bakıda 2017-ci ilin yayında olub. O, Bakıya "Jara" beynəlxalq festivalında iştirak etmək üçün gəlib.
Aygün Kazımova Azərbaycan pop musiqisi tarixinin ən məşhur müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb.
1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.