BAKI, 7 fevral — Sputnik. Xalq artisti Aygün Kazımova Tbilisiyə dincəlməyə gedib və küçədə rastlaşdığı küçə musiqiçilərinin çaldığı havaya rəqs edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni özünün "Instagram" səhifəsində məlumat verib və küçə rəqsinin videogörüntüsünü yayıb.
Kazımova artıq bir neçə gündür ki, Gürcüstandadır. Bakıda ad gününü qeyd edəndən sonra o, tətilə çıxmaq və dincəlmək qərarına gəlib. Müğənni Tbilisidə küçə musiçilərinə Azərbaycan mahnısını sifariş edib və gəlib-gedənlərin qarşısında rəqs edib.
"Sabahınız xeyirli, uğurlu, pozitiv, əyləncəli və sevincli olsun. Yaşasın musiqimiz" — deyə o, "Instagram"-da paylaşdığı videonun altında yazıb.
Video müğənninin sosial şəbəkədəki izləyicilərinin ürəyincə olub və müzakirə doğurub. Bakıya qayıdarkən müğənni tam gücü ilə işə başlamaq niyyətindədir.
Aygün Kazımova Azərbaycanın pop musiqisi tarixində ən məşhur müğənnilərdən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb.
1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.