BAKI, 13 fevral — Sputnik. Vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" konfransında vergidən yayınan şirkətlərə xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Cabbarov tədbirdəki çıxışında Vergilər Nazirliyinin öz inkişafında böyük yol keçdiyini, bunun müsbət və mənfi tərəflərinin olduğunu deyib.
Eyni zamanda bildirib ki, bundan sonra vicdanlı vergi ödəyicisinə fərq qoyulacaq, onun səhv etmək haqqı olacaq: "Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi ödəyicilərini tərbiyə edəcəyik. Bir çox dünya ölkələrində olduğu kimi bizdə də qanunvericilikdəki boşluqdan istifadə edərək vergidən yayınırlar. Bəzi şirkətlər hətta vergidən yayınmanı yaxşı bilən mütəxəssisləri işə götürürlər. Bizim bu barədə məlumatımız var. Nə qədər şirkət tanıyırıq ki, əmək haqqını düzgün göstərməyib. Bir gün vergi mütəxəssisi qapınızı döyəcək".
O, əhaliyə müraciətində vergilərin toplanması üçün mağazadan qəbz tələb etməyin önəmindən danışıb: "Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur və ondan aldığınız çörəyə görə qəzb istəsəniz, onun xətrinə dəyə bilərsiz. Amma verginin nəyə xərcləndiyinə diqqət etsəniz, onda qəbzi tələb eməkdən çəkinməyəcəksiz. Vergi torpaqlarımızın qorunmasına, məktəblərin tikilməsinə, valideynlərini itirən gənclərin təhsilinə xərclənir".
"Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır", — deyə nazir əlavə edib.
Cabbarov ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəklərini bildirib. O, peşəkar mühasiblərlərdən danışarkən deyib ki, bulanıq su qanunsuz yolla pul qazanmaq istəyən şəxslərə lazımdır.
"Vergi hesabatı verən mühasib səhv edə bilər, amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir. Saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs məhz odur. Nə qədər gec deyil, bu əməllərinizi dayandırın. Yoxsa Vergilər Nazirliyi bu əməlləri dayandırmaq üçün fəaliyyətə başlayacaq".
Nazir, həmçinin bildirib ki, əsaslandırılmamış sanksiyalara yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq. Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər yığdıqlarını da deyib və vergi ödəyicilərinə martın 31-nə qədər təkliflərini onlara göndərməyi rica edib.
Nazir ölkədə vətəndaşların vergiyə cəlb olunmasındakı yanlışlıqlara da diqqət çəkib: "Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir. Mən vergitutma bazasının genişləndirilməsinin tərəfdarıyam. Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır".
"Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq. Mən bir daha əmin oldum ki, dünyada iki şeyə çarə yoxdur: bir ölümə, bir də vergiyə" — Cabbarov vurğulayıb.
Sözügedən konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə isə son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktının olmadığını deyib. O qeyd edib ki, vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır.
Komitə sədri kənd təsərrüfatında çalışan insanların da vergiyə cəlb olunmasının zəruriliyini qeyd edib: "Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".