CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvanları öldürməsəydik, özümüz öləcəkdik

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidПодопытные мыши в лаборатории
Подопытные мыши в лаборатории - Sputnik Azərbaycan
Abunə olmaq
Bir siçanın üzərində təcrübə aparıb hepatitin müalicəsini tapmaq canilikdir, yoxsa bu siçanın üzərində təcrübə aparmağı vicdana zidd görüb, milyonlarla insanın hepatitdən ölməsinə göz yummaq?

BAKI, 8 fevral — Sputnik. Bu yaxınlarda qısametrajlı animasiya filmi izlədim. Filmin məzmununa görə insanlar heyvanların üzərində deyil, heyvanlar insanların üzərində hökm edirdi. Heyvanlar insanları güllələyir, başını kəsir, dərisini soyur, ətini bişirir və yeyirdilər. İnsanların dərilərindən geyimlər, sümüklərindən müxtəlif aksesuarlar hazırlayırdılar. İnsanları qəfəslərə salır, zəncirləyir və sirk səhnələrində oynadırdılar. Ağ xələt geyinmiş heyvanlar insanlar üzərində təcrübələr aparır, qarnını yarır, müxtəlif bədən üzvlərini kəsirdilər.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Qeybulla: “Bir həkim kimi evdə heyvan saxlamağı məsləhət görmürəm”

Bu qısa filmi sırf yaradıcılıq nümunəsi kimi təhlil etsək, əlbəttə, qeyri-adi ideya və məzmuna malik, kifayət qədər həyəcanlandıran, əsəbiləşdirən, heyrətləndirən, düşündürən, ümumilikdə, tamaşaçını haldan-hala salan qısametrajlı animasiya filmi kimi dəyərləndirə bilərik. Lakin əfsus ki, film bu münasibətlə deyil, heyvan haqlarını müdafiə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində pafoslu başlıqlarla önümüzə çıxırdı. Mövcudiyyətini, varlığını, rahatlığını, sağlamlığını insanın heyvandan istifadə etməsinə borclu olan adamlar heyvanların öldürülməsinə üzgün ifadələr ünvanlayıb özlərini dəhşətə düşmüş vicdanlılar kimi qələmə verirdilər.

Heç şübhəsiz, mən insanların fikir və düşüncələrini, hadisələrə münasibətlərini mühakimə etmirəm. Buna haqqım-hüququm, ixtiyarım da yoxdur. Hətta bütün növ düşüncələr mənə maraqlıdır, o səbəbdən ki, bunlar mənim müşahidə aparmaq, təhlil etmək, nəticə çıxarmaq kimi qabiliyyətlərimi formalaşdırır və qənaətlərimdən yaradıcılığımda istifadə etməyə kömək olur. Amma ortada absurd bir yanaşma varsa, üstəlik, bu yanaşma cəmiyyətə, yaxud cəmiyyətin bircə fərdinə belə, zərər verəcəksə, o zaman susmaq ədalətsizlikdir.

İnsanın təkamül prosesində heyvanlardan yararlanma mühüm rol oynayıb. Növümüz özünü inkişaf etdirmək üçün heyvanların dərisindən, ətindən, sümüyündən istifadə edib. Hətta Darvinçi alimlərin bir neçəsi iddia edir ki, insan öz təkamülünün əsasını heyvan əti yeməyə borcludur.

Bu barədə gümanların birinə görə, odu yenicə kəşf etmiş əcdadımız ocaq ətrafında heyvan əti yeyərkən uşaqlardan biri işıq və istilik saçan alovu canlı zənn edib ona da bir parça ət atır. Uşaq ağlı mərhəmət naminə alovu qidalandırmağa cəhd edir. Amma çox keçmir ki, ətrafa xoş qoxu yayılır. Ocağın ətrafındakı ibtidai əcdadımız bişmiş ət parçasını ocaqdan götürüb dərindən qoxlamağa, daha sonra dadına baxmağa başlayır. Beləliklə, insan, əti bişirib yeməyin daha ləzzətli və faydalı olduğunu kəşf edir.

Мужчина в офисе. Архивное фото - Sputnik Azərbaycan
Tibbdə yenilik: Xəstələrə 24 saat baxan animasyon heyvanlar

O fayda ki, bişmiş heyvan əti ibtidai əcdadımızın orqanizmini proteinlə təmin edir və insan daha ağıllı, daha güclü olmağa başlayır. Daha ağıllı və daha güclü olan insan daha çox yaşamaq və daha mənalı yaşamaq üçün mübarizə aparır. Nəticədə indi heyvan əti yeməyi qatillik, canilik, vəhşilik adlandıran qlamur nəsillərin təməlləri atılır.

Tarix boyunca insanlar min cür amansız xəstəliklərlə mübarizə aparıblar. Müxtəlif mikroblar, viruslar səbəbi ilə növümüzün böyük qismi məhv olub. Aciz insan məhvə dərhal yeniləndir, ağıllı insan məhvlə mübarizəyə cəhd edəndir, müdrik insan isə bu mübarizədən qələbə ilə çıxandır.

© Photo : KarikaturaŞəhərdə heyvanlar
Şəhərdə heyvanlar - Sputnik Azərbaycan
Şəhərdə heyvanlar

Bəşərin müdrikləri sayəsində insanlar neçə-neçə məhvə qalib gəliblər. Bəs müdriklərimiz amansız xəstəliklərdən, bəlalardan, əzab və işgəncələrdən bəşəri necə xilas ediblər? Əgər heyvanlar üzərində təcrübələr aparılmasaydı, bu gün adicə qripdən də asanlıqla ölüb gedəcəkdik. Antibiotiklərdən adi ağrıkəsicilərə qədər bizi məhvdən xilas edən heç bir vasitə bizə sunulmayacaqdı. İndi bir siçanın üzərində təcrübə aparıb hepatitin müalicəsini tapmaq canilikdir, yoxsa bu siçanın üzərində təcrübə aparmağı vicdana zidd görüb, milyonlarla insanın hepatitdən ölməsinə göz yummaq?

Bu çərək ömrüm boyunca vicdan normalarını çeynəməməyə çalışmışam. Bir fərd olaraq vicdana xəcil-xəcil deyil, məğrur-məğrur baxa bilmək mənim ən böyük mənəvi əyləncəmdir. Buna rəğmən, arxayınam ki, bitkilərdən, heyvanlardan və həyatın digər bütün nemətlərindən elm və mədəniyyət üçün yararlanmaq vəhşilik deyil, dahilikdir.

Əlbəttə, mən də canlı aləmin – bitkilərin, heyvanların səmərəsiz məhvinə qarşıyam. Bir ağac boş yerə kəsilir və yerində hansısa restoran, kafe açılırsa, bunu mən də canilik hesab edirəm. Yaxud küçə itləri ucdantutma güllələnir və yandırılırsa, bu, mənə görə də vəhşilikdir.

Amma ağacdan elm və sənət üçün kağız istehsal edilirsə, bitkilərdən dərmanlar hazırlanırsa, heyvanlar üzərində hansısa elmi kəşf üçün təcrübələr aparılırsa, heyvanların zəhərlərindən dərman preparatları hazırlamaq üçün istifadə edilirsə, bunu "dəhşət", "vəhşilik", "əclaflıq" nidaları ilə qarşılamağı ali düşüncəyə zidd hesab edirəm.

Xəbər lenti
0