CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan keçmiş SSRİ vətəndaşı olan əcnəbilərə qucaq açır - Vətəndaşlıq imkanı

© Sputnik / Vsevolod TarasevichПаспорт гражданина СССР, фото из архива
Паспорт гражданина СССР, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik edilib

BAKI, 7 fevral — Sputnik. 2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan vətəndaşlığına qəbul olunması imkanı yaradılır. Bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 14-cü maddəsinə (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) dəyişikliklər edilib.

Люди на бакинском приморском парке - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bütün Azərbaycan vətəndaşları qarşısında tələb!

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, qanunun 14-cü maddəsində ikinci hissəyə "hesablanır" sözündən sonra "(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)" sözləri əlavə edilib. Belə ki, həmin maddənin ikinci hissəsinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Dəyişikliklə bu hissənin sonuna "(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)" cümləsi əlavə edilib.

14-cü maddəyə digər bir dəyişikliklə dördüncü-doqquzuncu hissələr müvafiq olaraq beşinci-onuncu hissələr hesab edilib və aşağıdakı məzmunda dördüncü hissə əlavə olunub: "2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin fevralın 1-də keçirilən plenar iclasında layihə barədə danışarkən deyib ki, Azərbaycanda vətəndaşlığı naməlum olan şəxslər də yaşayırlar: "Vətəndaşlığı naməlum şəxslər dedikdə, uzun müddət Azərbaycanda yaşayan, lakin, vətəndaşlığını təsdiq edən və ya digər etibarlı sənədləri olmayan şəxslər başa düşülür. Bunlar, əsasən vaxtilə köhnə SSRİ pasportu ilə SSRİ-nin digər respublikalarından Azərbaycana gəlmiş və indiyədək sənədləşdirilməmiş şəxslərdir".

"Dəyişikliklərin də əsas məqsədi birincisi, vətəndaşlığı naməlum şəxslərin heç bir ölkənin vətəndaşlığına mənsub olmaması və ikincisi uzun müddət Azərbaycan ərazisində yaşaması məhkəmə tərəfindən təsdiq edildikdə, sənədlərin toplanılıb Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim olunmasına bir mexanizm yaratmaqdır" — Ə.Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, layihədə bu müddətin 2006-cı il yanvarın 1-dək qoyulmasının səbəbi ona görədir ki, 2005-ci ilin sonunadək köhnə SSRİ pasportlarını Azərbaycanda sərhədkeçmə sənədi kimi istifadə etmək olurdu: "2005-ci ildən sonra isə hər hansı bir keçid olubsa, bu, artıq həmin ölkələrin milli pasportları ilə həyata keçirilib. Onu da qeyd edim ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Amma ümumilikdə isə bu, çox mütərəqqi bir sənəddir və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün hüquqi bir mexanizm yaradır".

Layihədə deyilir ki, 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanını yaratmaq məqsədi ilə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna bu dəyişikliklər təklif edilib.

Qeyd edək ki, fevralın 1-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0