BAKI, 7 fevral — Sputnik. Dağıstanın bütün respublika strukturlarında irimiqyaslı axtarışlar başlayıb, Yol Patrul Xidmətinin bütün heyəti dəyişdirilib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, son günlər Dağıstanın bütün nazirlikləri və dövlət xidmətlərində Respublikanın büdcə vəsaitlərinin oğurlanması ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində axtarışlar aparılır və sənədlər araşdırılır.
Bu gün xüsusi xidmət orqanları təhsil, maliyyə və səhiyyə nazirliklərində işləyir.
"Axtarış prosesində xüsusi xidmətlərin əməkdaşları və baş prokurorun müavini İvan Sıdorukun rəhbərliyi altında prokuror qrupu iştirak edir" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə bildirib.
Yol Patrul Xidmətinin şəxsi heyəti tam tərkibdə dəyişdirilib. Onları Rusiyanın digər regionlarından olan polis qrupları və Rusiya qvardiyası əvəz edib.
Yaşayış məntəqələrinin rəhbərlərindən tutmuş, respublika rəhbərliyinə qədər Dağıstanın bütün səviyyələrdə olan məmurlarına Rusiyanı tərk etmək qadağan edilib. Onlarla bağlı məlumatlar artıq sərhəd xidmətinə verilib.
"Respublikanın dekriminalizasiyası üzrə Federal İdarələrarası Komissiyası bu gündən etibarən öz işini başa çatdırana qədər Dağıstanın bütün rəhbər işçilərinin xaricə çıxışına qadağa qoyub" – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Xatırladaq ki, fevralın 6-da Moskvanın Basman məhkəməsi keçmiş Dağıstan hökumətinin sədri vəzifəsini müvəqqəti icra edən Abdulsəməd Həmidovla bağlı 2 aylıq həbs qərarı çıxarıb. Onunla birlikdə müavinləri Şamil İsayev və Rayudin Yusufov, həmçinin respublikanın sabiq təhsil naziri Şahabbas Şahov nəzarətə götürülüb. Onların hamısı dələduzluqla ittiham olunur.
Rusiya İstintaq Komitəsinin hesablamalarına görə, ümumilikdə Dağıstan rəhbərliyinin vurduğu ziyanın həcmi 95 milyon rubldur. Axtarışlar zamanı Həmidovdan TT markalı qızıl tapança, Beretta tapançaları və iki ədəd Kalaşnikov avtomatı götürülüb.
Korrupsiya ittihamı ilə bağlı Mahaçqalanın meri və baş arxitektoru da saxlanılıb.
Ekspertlərin sözlərinə görə, korrupsiya ilə mübarizə Dağıstan Respublikasının yeni rəhbəri Vladimir Vasilyevin tələbi ilə başlayıb. Vasilyev hələ respublikanın başçısı olmamışdan büdcəsinin 75%-i federal mərkəzdən formalaşan hökumətin yarıtmaz fəaliyyətini kəskin tənqid etmişdi.