BAKI, 5 fevral — Sputnik. Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa Çempionatında medalların sayını dördə çatdırıblar. Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən yarışın ikinci günündə 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb.
Yeniyetmələr arasında Avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib. Rusiyalı idmançı ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb.
Fevralın 3-də, həmçinin qitə çempionatının təntənəli açılış mərasimi keçirilib. Turnirin təşkilatçıları və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri çıxış edərək idmançılara uğurlar arzulayıb, Olimpiya idman növü olduqdan sonra karatenin dünyada daha da populyarlaşmasını xüsusi qeyd ediblər. Çıxışların ardından rəsmi tədbir bədii hissə və yarışın final görüşləri ilə davam edib.
Hələlik ümumi nəticədə 3 qızıl və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. Daha 8 idmançımız yarışın son günü, 4 fevralda mübarizəyə qatılacaq. 18-20 yaşlı gənclər arasında kumite yarışlarında Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq), Fəridə Əliyeva (+67 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.