BAKI, 5 fevral — Sputnik. İranın paytaxtı Tehranda prezident Həsən Ruhaninin iqamətgahına zorla girməyə çalışan bir nəfər vurulub. Yaralanan şübhəli şəxs saxlanılıb.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Tehran valisinin köməkçisi Mohsen Hamedani bildirib ki, şübhəli şəxs Ruhaninin iqamətgahına icazəsiz girməyə cəhd edərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən vurulub.
Hamedani prezident iqamətgahına girən dəvətsiz qonağın şəxsiyyətinin hələlik məlum olmadığını deyib. Onun bu addımının səbəbi də araşdırılır.
İlkin məlumatlara görə, həmin şəxs silahlı olsa da, onun daşıdığı odlu silah olmayıb. Şübhəli şəxs prezident iqamətgahının mühafizəçiləri tərəfindən ayağından yaralanaraq saxlanılıb.
"Nyu York Tayms" qəzetinin (The New York Times) Tehran bürosunun rəhbəri Tomas Erdbrink (Thomas Erdbrink) saxlanan şəxsin 35 yaşlarında olduğunu yazıb. Erdbrink öz "Twitter" səhifəsində şübhəlinin ölməyə hazır olduğunu simvolizə edən ağ kəfən geyindiyini, əlində uzun bir bıçaq apardığını və bu bıçaqla mühafizəçilərə hücum etdiyi üçün vurulduğunu bildirib.