Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan
BAKI, 4 fevral — Sputnik. Ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş Zorxana idman növü böyük marağa səbəb olmuşdu. Azərbaycanın milli idman növü sayılan Zorxana idman azarkeşlərinin diqqətindən yayınmamışdı. Maraqlısı odur ki, İslam Həmrəyliyi Oyunları bitən kimi bu idman növü yenidən arxa plana keçdi.
Beynəlxalq Zorxana İdmana Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı məşqçisi seçilmiş beynəlxalq dərəcəli hakim və idmançı Xəyyam Orucovla həmsöhbət olduq. Müsahibimiz Sputnik Azərbaycan-a Zorxana idman növündə bu gün hansı hadisələrin cərəyan etdiyini danışdı.
— IV İslam Həmrəyliyi Oyunları bitəndən sonra Zorxana ilə məşğul olan idmançılardan xəbər yoxdur. Nə yeniliklər var?
— İslam Həmrəyliyi Oyunlarından sonra biz komanda olaraq heç bir yarışda iştirak etməmişik. Yalnız mən beynəlxalq dərəcəli hakim kimi Asiya çempionatında Azərbaycanı təmsil etmişəm.
— Deməli siz həm hakimsiniz, həm də idmançı?
— Bəli. Yarışda idmançı kimi çıxış etməyəndə hakim kimi iştirak edirəm. Amma idmançı kimi iştirak edəndə, hakim olmaya bilmərəm. Eyni zamanda Azərbaycanda məşqçi kimi də fəaliyyət göstərirəm. Həm də Beynəlxalq Zorxana Federasiyasında işləyirəm. Müxtəlif ölkələrdən dəvət alan zaman ora gedib komandalara master-klass keçirəm.
— İslam Oyunlarında zorxana yarışının keçirilməsi bu idmana marağı artırdı? İdmançı sayı çoxalıb?
— Əlbəttə, təsiri oldu. Bu idman növü ilə məşğul olmaq istəyənlər çoxaldı. Hətta məşqə baxmaq istəyənlər də az olmayıb.
— Zorxana güləşə yaxın idman növüdür. Güləş olimpiya idman növü sırasındadır, zorxana isə yox. Bu zorxanaya gələn idmançıların güləşə yönəlməsinə səbəb olmur ki? Axı güləşdə qazanc var.
— Əksinə. Güləşdə nəticə vermək, zorxanada nəticə verməkdən qat-qat çətindir. Güləşdə uğur qazanmayanlar zorxanaya gəlib idman karyeralarını burada davam etdirirlər.
— Xanımlar müraciət edir?
— Yox.
— Zorxanada qazanc necədir? Məşqlərin maddi nəticəsi olur?
— Federasiya Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibindədir. O da İctimai Birlikdir. Təbii ki, maliyyə yoxdur.
— Bəs yarışlara hansı maliyyə ilə gedirsiniz?
— Gediş haqlarını Azərbaycan Gənclər və İdman Nazirliyi ödəyir, digər xərcləri isə yarışı təşkil edən təşkilat qarşılayır.
— Zalınız da yoxdur?
— Zalımız da yoxdur. İdman Akademiyasının idman zalında məşq edirik.
— Azərbaycanda bu idman növünü tanıtmaq üçün Bakıda və regionlarda yarışlar keçirilməlidir. Belə bir planınız var?
— Hər şey pulla həll olur. Hal-hazırda maliyyə yoxdur. Ona görə də belə yarışların keçirilməsi mümkün deyil. Büdcə olsa, ildə 5 yarış da keçirmək olar.