Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Belə muzeylərdən biri də Xaçmaz Tarixi Diyarşünaslıq Muzeyidir.
Muzeydə ölkəmizin, eləcə də Xaçmaz rayonunun tarixini əks etdirən, turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. 1981-ci ildən fəaliyyət göstərən muzeyin binası istismar müddətini başa vurduğu üçün istifadəyə yararsız vəziyyətə düşüb.
2013-cü ilin əvvəllərində muzeyin yeni binasının tikintisinə başlanıb. Bu bina Xaçmaz şəhər H.Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilib. Xüsusi memarlıq üslubunda tikilmiş bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilib.
Binanın foyesində ulu öndər Heydər Əliyevin abidəsi qoyulub. Muzeyin 1-ci mərtəbəsində ümummilli lider Heydər Əliyevin, eləcə də dövlət başçısı İlham Əliyevin Xaçmaz rayonuna müxtəlif zamanlarda səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Birinci mərtəbədə, həmçinin istiqlal bölməsi yerləşir ki, burada istiqlal dövrümüzə aid maraqlı eksponatlar toplanıb. Muzeydə İkinci Dünya Müharibəsini əks etdirən eksponatlar da kifayət qədərdir.
Binanın ikinci mərtəbəsində isə tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyatını əks etdirən maketlər yerləşdirilib.
Muzeyin direktoru vəzifəsini icra edən Pakizə Mehdiyeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə müəssisə haqqında danışıb: "Muzeyimiz digər muzeylərdən həm memarlıq üslubuna, həm də ərazisinin böyüklüyünə görə fərqlənir. Bura tək muzey kimi yox, həm də "Mədəniyyət Mərkəzi" kimi fəaliyyət göstərir".
"Burada həm zona, həm də respublika üzrə əhəmiyyətli tədbirlər keçirilir. Yeni binanın açılışından sonra muzeyə gələn turistlərin, ziyarətçilərin sayı artdı və muzey daha çox tanındı" – deyə P.Mehdiyeva bildirib.
Mehdiyevanın sözlərinə görə, istər yerli, istərsə də xarici turistlərin muzeyə axını daha çox yay mövsümünə təsadüf edir. Onun dediyinə görə, 2017-ci ilin yay mövsümü digər illərdən tam fərqli keçib, bu mövsümdə muzey işçilərinin gözləmədiyi sayda turist axını olub.
"Artıq muzeyimizə turist turları təşkil olunur. Turistlər qruplar şəklində ziyarətə gəlirlər. Xarici turistlər muzeyə öz heyranlıqlarını gizlədə bilmirlər. Onların diqqətini eksponatlarla yanaşı, binanın arxitekturası da cəlb edir" – deyən muzey rəhbəri qeyd edib ki, binanın arxitekturası rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə aiddir.
Hazırda muzeyə giriş ödənişsizdir, amma yaxın zamanlarda ödənişli biletlərə keçilməsi nəzərdə tutulub. Pakizə Mehdiyeva muzeydəki eksponatların tarixindən də danışıb. Deyib ki, muzeydə olan ən qədim eksponatlardan biri Xaçmaz rayonunun Ləcət kəndində qazıntılar zamanı aşkar edilmiş e.ə. I minilliyə aid olan saxsı küpdür.
"Bu küpün tapılması və bu günə qədər qalması tarixi baxımdan çox mühüm hadisədir. Küp tapılan zaman içərisindən daşlaşmış buğda dənələri çıxıb. Bu da onu göstərir ki, küpdən ərzaq saxlamaq üçün istifadə edilib. Bu, Xaçmazın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləmək üçün ciddi dəlildir" — Mehdiyeva əlavə edib.
Muzeydə, həmçinin Birinci Dünya Müharibəsinin iştirakçılarının döş nişanları, orden və medalları da nümayiş olunur.