İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. O, sevdiklərini itirməklə başlayıb həyatına. 6 yaşında atasını, 14 yaşında anasını itirib. Bacısının qəyyumluğunda böyüyərək gənc yaşlarından iş həyatına başlayıb. 32 yaşına kimi Azərbaycanın müxtəlif KİV-lərində çalışıb. Amma artıq yorulduğunu, Rusiyaya köçərək yeni səhifədən başlamaq istədiyini deyirmiş dostlarına. İki istəyi qalıbmış. Atasının arzusunu yerinə yetirərək təhsilini başa vurub diplomunu almaq və sonra ailə qurmaq. Lakin özünün dediyi "bəxtim heç nədə gətirməyib, nəyi sevmişəmsə, ürəyimdə qalıb, yarımçıq qalıb" sınağından yenə çıxa bilmədi. Arzularına çatmağa az qalmış həyatını itirdi. Özü də ən sevdiyi, almaq istədiyi avtomobil modelinin zərbəsindən…
Sputnik Azərbaycan-ın əməkdaşı Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının dəfninin keçirildiyi Göygöl rayonunda olub, onun ailə üzvləri və dostlarıyla söhbətləşib.
Böyük bacısı Zülfiyyə Ülviyyənin son günlərini xatırlayır: "Dərsləriylə məşğul olurdu bütün günü. 10 gün olardı ki, idmana yazılmşdı. Boş dayana bilmirdi. Sanki zamanı qabaqlamağa çalışırdı. Hər şeyə daha tez, daha sürətli nail olmaq istəyirdi. Bir gün qabaq getmişdi idmana. Həmin gün isə heç planlaşdırmamışdı. Axşamtərəfi birdən qayıtdı ki, gedirəm. Dedim, yeni getmisən, gecdir, narahat oluram. Çox şıltaq idi. Heç nəyi qadağan etmək olmurdu. Gəldi üzümdən öpdü, qılıqlandı, yumşaldım. Kaş ki, buraxmayaydım. Gedib heç çata bilməmişdi zala. Evdən 4-5 bina aralıda piyada keçidində maşın vurub. Başı maşının ön şüşəsinə dəyib yerə çırpılıb. Cibində idman zalının kartı var imiş. Aparata vurublar, adı çıxıb. Qeydiyyata görə yoldaşıma zəng vurublar. Soruşdum nə deyirlər, dedi Məmmədova familiyada bir qızı maşın vurub. Yoldaşımın ağlına da gəlməyib keçmiş soyadımız. Mən o dəqiqə dedim ki, bu, bizim familiyamızdır".
Bacısı həmin gün yolların buz olduğunu, maşınların çox sürətlə hərəkət etdiyini danışır: "Vuran adam maşını qoyub qaçıb. Sonradan atası gəlib sükan arxasında oturmaq istəyib ki, guya bu vurub. Yaxınlıqda olan azərbaycanlılar imkan verməyib".
Ülviyyəni son günündə Rusiyaya getməmişdən əvvəl çalışdığı "Report" agentliyinin redaktorları, daim birlikdə gəzdiklərinə görə "3 muşketyor" adlandırılan rəfiqələri və dostları "tək" qoymamışdılar…
Pərvin Abbasov Ülviyyəni 11 ildir tanıdığını deyir, onu mərd, bacarıqlı, kişi qeyrətli bir qız olaraq xarakterizə edir: "2007-ci ildə birgə "Xalq Cəbhəsi" qəzetində işlədik. Müxbir ola-ola qəzet də dizayn edirdi. Müxbirlər arasında bunu bacaran tək o idi. Sonradan fərqli KİV-lərdə çalışsaq da, 2014-cü ildə "Report" agentliyi yaradilanda yenə birgə işlədik. Həmin vaxt Rusiyada universitetdə "Hüquq və Jurnalistikanın əsasları" ixtisasından qiyabi təhsil alırdı. Sessiya vaxtları gedib imtahanlarını verib qayıdırdı. Ümumiyyətlə universiteti bitirib həyatını Rusiyada davam etdirmək, yeni səhifədən başlamaq istəyirdi, bu səbəbdən də öz ərizəsiylə işdən ayrılıb Həştərxana köçdü. "17 yaşımdan işləyirəm. Daha hər gün kişi kimi yuxudan qalxıb işə getmək istəmirəm. Dincəlmək istəyirəm" — deyirdi".
Ən yaxın iki rəfiqəsindən biri olan Aynur Osmanqızı da Ülviyyənin yarımçıq qalan arzularından danışıb: "Ən böyük arzusu universitetdə oxumaq idi. 27 yaşında qəbul oldu. 5 il bütün qazancını ora xərclədi. Elə olurdu ki, ayda 20 manatla dolanırdı, yemirdi, geyinmirdi ki, diplom alsın. "Atamın arzusu olub" — deyirdi. "Diplomu alıb, məzun paltarını əynimə geyinib, papağı göyə atacam, deyəcəm ki, ata, bax sənin arzunu yerinə yetirdim, özüm qazandım, öz zəhmətimlə qazandım, sənə görə qazandım. İndi qoyacam cehizlərin arasına, ər çörəyi yeyəcəm, daha işləməyəcəm. Yeni səhifədən, yeni ölkədən, yeni arzularla başlıyıram həyata. Ona görə aldım ki, sənin ruhun şad olsun, ata" — deyə danışırdı həmişə".
Digər rəfiqəsi Samirə Abdullayeva son dəfə yanvarın 2-də, getməmişdən 2 gün öncə görüşdüklərini, həmişəkindən fərqli olaraq doyunca qucaqlaşdıqlarını deyir: "Sanki ürəyimizə dammışdı,. belə bir ayrılıq gələcək başımıza…"
"Son gedişindən sonra imtahana hazırlaşırdı bütün gün. Arada danışıb, yazışsaq da, ürəyimizi tam boşalda bilmirdik. Deyirdim, ay Ülviyyə, qoy bir videozəng edim, danışaq, üzünü görüm. Deyirdi, "martın 3-ü diplom imtahanıdı, onu alım, nə deyirsiz, onu edəcəm". Martın 3-ü diplom imtahanı olacaqdı, indi, haradasa 40-ı düşəcək o vaxta" — deyə, göz yaşlarına hakim ola bilmir rəfiqəsi.
Hamıdan gizli saxladığı, yalnız ən yaxın rəfiqələrinə dediyi bir sirri də olub Ülviyyənin. Böyük ehtimalla, aprel ayında toyunun reallaşdıracağını deyibmiş onlara. Lakin heç kimə deməmələrini bərk-bərk tapşırıb. Bu da səbəbsiz deyilmiş, sən demə. Aynurun sonrakı söhbəti insanı göz yaşları qarşısında aciz qoyur:
"Deyirdi, "Heç kimə demə, Aynur, heç biri bilməsin uşaqların. Bəxtim heç nədə gətirməyib, nəyi sevmişəmsə, ürəyimdə qalıb, yarımçıq qalıb həmişə. Mən ağ gəlinliyi geyinib, başıma ağ fatanı taxıb restoranın qapısından girəndə biləcəm ki, toyumdu, yalnız onda inanacam" — deyirdi. Bakıda olacaqdı qız toyu. İmtahanlarıyla yanaşı toyuna da hazırlaşırdı. Ona görə fitnesə gedirdi. Deyirdi, "gəlinlikdə elə görünəcəm ki, heç biriniz tanımayacaqsız məni. Gəlinliyinə kimi seçmişdi, toy olacaq restorana kimi müəyyənləşdirmişdi" — deyə,hamını kövrəldir Aynur.
"Ülviyyə mərd, kişi qeyrətli bir bacı olub bizlərə" — deyir dostu və keçmiş iş yoldaşı Valeh Dadaşov. Söhbətində Ülviyyənin ən çox sevdiyi maşının "Wolksvagen Passat" olduğunu, elə ölümünün də ən çox sevdiyi avtomobildən olduğunu söyləyir.
"Mənə deyirdi ki, "sənin maşınından çox xoşum gəlir". Pulu olan kimi bu maşından almaq istəyirdi. Məsləhət edirdim ki, hələ bir balaca maşın al, sürməyi öyrən, sonra. Deyirdi, "yox e, dayı (Ülviyə Valehə dayı deyə müraciət edirmiş), mən elə bu rəng, bu modeldən istəyirəm. Qismətə bax ki, elə eyni maşın, eyni model, eyni rəng avtomobilin vurmasından gəldi ölümü".
Qeyd edək ki, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykaya müraciət edib. Müraciətdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan Vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.