BAKI, 28 dekabr — Sputnik. Türkiyənin Kocaeli rayonunda azərbaycanlı gənc faciəvi şəkildə ölüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Tavşanlı məhəlləsində baş verib.
Məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib. 27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb.
Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıblar. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəki-nin əməkdaşı olub.