Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Mövcud siyasətimiz haqlı olaraq manatın bahalaşmamasını tələb edir"

Abunə olmaq
"Biz artıq idxalı əvəzləyən və ixracyönümlü siyasət həyata keçiririk və manat nə qədər ucuz olarsa, bizim bu siyasəti dəstəkləyən yanaşma ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb". "Report" xəbər verir ki, bu məlumatı "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti yayıb.

"BMI Research"in Avropa ölkələri üzrə risk Departamentinin rəhbəri Lukas duş Santuş bildirib ki, bu addım iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur.

Valyuta alış satışı - Sputnik Azərbaycan
Rəsmi valyuta məzənnələri dəyişib

"Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üçün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda "McKinsey&Co." konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir" — deyə sənəddə qeyd olunub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a danışıb. O deyib ki, bu yaxınlarda Mərkəzi Bankın 2018-ci ildə monetar siyasətlə bağlı bir bəyanatı olub: "Bu bəyanatda Mərkəzi Bank çevik məzənnə siyasəti yürüdəcəyini və bu siyasətin davam edəcəyini bildirib. Amma burada bir məqamı qeyd edim ki, 2018-ci ildə neftin qiymətlərinin əvvəlki səviyyələrə gəlməsi gözlənilmir. Bu, birmənalı belədir. Proqnozlaşdırılan siyasi-iqtisadi proseslər də bunu deməyə əsas verir. Ona görə də Azərbaycanın əvvəlki məzənnəyə doğru getməsini və ya əvvəlki məzənnə siyasəti aparmasını düşünmürəm".

Onun sözlərinə görə, digər tərəfdən artıq Azərbaycan iqtisadiyyatının inkişaf baxımından istiqaməti də dəyişib: "Biz artıq idxalı əvəzləyən və ixracyönümlü siyasət həyata keçiririk. Manat nə qədər ucuz olarsa, bizim bu siyasəti dəstəkləyən yanaşma ola bilər. Ona görə də manatın sabit saxlanılması və ya qiymətinin artırılması hazırda həyata keçirdiyimiz siyasətə zidd olardı. Baxmayaraq ki, manatın müəyyən qədər yenidən dəyərə minməsi ilə bağlı müəyyən təzyiqlər ola bilər, yəni neft gəlirləri ilə bağlı".

"Amma düşünürəm ki, Mərkəzi Bank buna getməyəcək. Çünki dövlətin də siyasəti ixracı artırmaq, ixracyönümlü siyasət həyata keçirmək istiqamətindədir. Kənd təsərrüfatına, turizmə investisiyalar qoyulur. O baxımdan manata yenidən ciddi şəkildə dəyər qazandırmaq yanlış olar. Bunu ən azından hökumətin siyasətini təhlil edərək deyə bilərəm" — E.Bağırzadə bildirib.

İqtisadçının fikrincə, əgər manatın məzənnəsi qalxarsa, Azərbaycana axın edən turistlərin sayında da azalma müşahidə olunacaq: "Ona görə də bizim bu siyasətimiz doğru siyasətdir. Çalışmaq lazımdır ki, manat sərbəst məzənnədə davam etsin və manatın çox da dəyərə minməsinə imkan vermək lazım deyil. Mərkəzi Bankın son bəyanatı da bunu göstərir. Manat dəyərləndiyi zaman müəyyən intervensiya siyasəti həyata keçirib bazara müdaxilə etmək olar. Çünki bizim real sektor ilə bağlı siyasətimiz bunu tələb edir".

Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Bağırzadə: “Manatın kəskin bahalaşması gözlənilmir”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, birbaşa üzən məzənnəyə keçilməsi manatın həqiqi dəyərinin üzə çıxmasına köməklik göstərər. Onun sözlərinə görə, manata daxili və xarici təsirlər gücləndiyi zaman milli valyutanın məzənnəsinin sabit saxlanılması üçün müdaxilələr edilir.

Qeyd edək ki, Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilib ki, fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

Bəyanatda deyilib ki, faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

Vurğulanıb ki, xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

Xəbər lenti
0