BAKI, 25 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM —dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.
İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilmişdir. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunmuşdur. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün "barkod-skaner"lər quraşdırılmışdır.
İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçmişdir. Namizədlər http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı namizədlərə "Yaddaş kitabçası" da təqdim olunur. Burada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar verilir.
İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.