BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov açıqlama verib.
O bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub: "İctimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq".
M. Cabbarov əlavə edib ki, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram — kurikkulum tətbiq edilib".
"Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir" — nazir vurğulayıb.