BAKI, 24 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Bu barədə Sputnik Azərbaycan-a DİN-dən məlumat verilib.
Məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları – Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, müsahibə – test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Hacıqabul (1), Xaçmaz (1), Xızı (1), Qubadlı (1), Qusar (1), Saatlı (1), Sabirabad (1), Yardımlı (1) və Şirvan (1) şəhər, rayon polis şöbələrində vakant yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsi üçün müsabiqədə yalnız göstərilmiş rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və azı 3 il pedaqoci staca malik şəxslər iştirak edə bilərlər.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (Naxçıvan Muxtar Respublikası istisna olmaqla), qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar.
Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis orqanlarına aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
— şəxsiyyət vəsiqəsi;
— ali təhsil haqqında diplom;
— hərbi bilet (kişilər üçün);
— əmək kitabçası (olanlar üçün);
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il yanvar ayının 22-dən fevral ayının 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis orqanlarında qəbul olunur.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-92-37; 590-92-54; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23.