BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Alpinizm Federasiyasının (AAF) 2018-ci il 19 yanvar tarixində növbəti ümümi iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, toplantıda bir sıra vacib məqamlara toxunulub. Belə ki, Federasiyanın 2018-ci il üçün "Tədbirlər Planı" təsdiq olunub, Federasiyaya daxil olmaq üçün müraciət etmiş müxtəlif dağçı idman klublarının fəaliyyəti müzakirə olunaraq onların federasiyada yer alması üçün müəyyən öhdəliklər verilib.
İclasın əsas məqamlarından biri də AAF-ın mövcud əsasnamənin müzakirə olunaraq bəzi əlavələr və düzəlişlərin edilməsi olub. Burada əsas müzakirə mövzusu Fedarasiyaya yeni daxil olmaq istəyən dağçı klubların sayı, onların federasiyaya daxil olmamışdan əvvəlki fəaliyyətini əks etdirən hesabatları növbəti iclasda təqdim olunmasına qərar verilib.
Qeyd edək ki, toplantıda xüsusilə, məlum 2017-ci il dekabr ayında Tufandağ istiqamətində itkin düşmüş alpinistlərin axtarışında AAF-ın axtarış-xilasetmə işlərində fəal iştirakının qeyd olunub. Xilasetmə işlərinin könüllülük prinsipi əsasında olması bu istiqamətdəki fəaliyyəti hesabat xarakterli mediada işıqlandırılmasına ehtiyac duyulmayıb. Belə ki, axtarış-xilasetmə işlərində AAF-ı təmsil edən "Everest", "Qartal", "Dağçılıq məktəbi" klubları və onların dəvəti ilə onlarla Xınalıq sakini cəlb olunub. Hava şəraitinin kəskin dəyişməsi, əraziyə yenidən güclü qarın yağması hələ də davam edən axtarış-xilasetmə işlərinə ciddi maneə törətməkdədir.
İclasın sonunda AAF-ın aktiv klubu olan "Everest" idman klubunun 2017-ci il fəaliyyət hesabatı dinlənilib. Belə ki, klub tərəfindən təşkil olunan 14 yerli və xarici səfərlər baş tutub ki, bunlardan Kilimancaro, Elbrus və Savalan səfərləri müvəfəqiyyətlə tamamlanıb.
AAF-ın növbəti iclası növbəti ayın ikinci yarısına təyin edildi.