BAKI, 23 yanvar — Sputnik. Gürcüstanın müdafiə naziri Levan İzoriya bəyan edib ki, Amerikanın Javelin tank əleyhinə raket kompleksləri artıq Gürcüstana çatdırılıb.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ABŞ Javelin tank əleyhinə raket kompleksləri bir müddət əvvəl Gürcüstana göndərib.
"Javelin sistemlərinin nəqlinin ilk mərhələsi uğurla başa çatıb. Sistem Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib" — deyə İzoriya ABŞ səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, tezliklə gürcü hərbçilərə sistemin istifadə qaydalarının öyrədilməsi məqsədilə xüsusi kurs keçiləcək.
Bundan əvvəl isə Moskvadan bildiriblər ki, ABŞ-ın Gürcüstana Javelin tank əleyhinə raket komplekslərini göndərməsi Tbilisini regionda yeni təhlükəli avantüraya sürükləyə bilər.